“Hakimiyyət daxilində əvvəl mövcud olmuş klan qruplaşmaları indi siyasi qruplaşmalarla əvəzlənib”.
Bu fikirləri Azərbaycanda “köhnə komanda” təmsilçilərinin yüksək dövlət vəzifələrindən uzaqlaşdırılmasından sonra hakimiyyətdaxili qruplaşma anlayışının aradan qalxıb-qalxmadığını şərh edən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Yenicag.az-a açıqlamasında deyib.
ADP sədrinin sözlərinə görə, hazırda Azərbaycan hakimiyyətinin daxilində Qərbə və Rusiyaya meyilli siyasi qruplaşmalardan söhbət gedə bilər:
“Bilirsiniz, Azərbaycan iqtidarının daxilində yaxın illərə qədər mövcud olan, həm də Rusiyaya bağlılığını gizlətməyən klan qruplaşmaları artıq yoxdur. Başqa sözlə desək, hakimiyyət daxilində əvvəl mövcud olmuş klan qruplaşmaları indi siyasi qruplaşmalarla əvəzlənib.
Yəni hakimiyyətdə əvvəl olduğu kimi, birmənalı olaraq Rusiyaya bağlı klanlardan yox, biri Rusiya meyilli, digəri isə nisbətən Qərbyönümlü, Azərbaycanın müstəqilliyinin qorunmasına tərəfdar olan klanlar mövcuddur. Bunların arasında olan mübarizə isə siyasi müstəviyə keçib.
Ancaq bu klanlar arasında rəqabətin şiddəti Rusiya-Ukrayna müharibəsinin gedişindən və nəticəsindən asılı olacaq. Əgər Putin bu müharibədə uduzarsa, yaxud da qalib gəlməzsə, onların rəqabətində gərginlik olmayacaq. Yox, Rusiya müharibədən qalib çıxarsa, o zaman vəziyyət tamamilə dəyişəcək”.
A.Zeynalov
www.yenicag.az