Rusiya və İranın “Zəngəzur azarı” – Tehran və Moskva nəyi PLANLAŞDIRIR?
“Ruslar 1801-ci ildən etibarən daxil olduqları Cənubi Qafqazda 1828-ci ildə İran türkləri ilə imzaladıqları Türkmənçay müqaviləsinin təsiri bu gün də davam edir. Çar dövründə başladıb Sovet dövründə gücləndirdikləri, federasiya dövründə də davam etdirdikləri bu siyasət son 30 ildə Ermənistan-Azərbaycan münaqişəsi fonunda konkret şəkil alıb”.
Bunu Yenicag.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Hasan Oktay deyib.
Analitik İranın ali dini lideri Seyid Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizinin açılmasının İran tərəfindən qarşısının alınması haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.
Qeyd edək ki, iranlı rəsmi açıqlamasında bəyan edib ki, bu layihə guya İran dəhlizinin parçalanması və Avropaya yolun əngəllənməsi anlamına gəlir.
Prosesləri şərh edən H. Oktay isə söyləyib ki, 1991-ci ildə Sovetlər dağıldıqdan sonra Türkiyə Cənubi Qafqazdakı üç dövləti birlikdə tanıdı, sərhəd qapılarını açdı, Gürcüstan və Azərbaycanla diplomatik münasibətlər qurdu:
“Amma Ankara Rusiyanın Ermənistan üzərindən həyata keçirdiyi Azərbaycan siyasətini qəbul etmədiyi üçün Ermənistanla diplomatik əlaqələr qurulmadı. Ruslar əvvəlcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin statusunu dəyişdirdilər, sonra Ermənistan vasitəsilə Azərbaycanın İranla sərhəddə yerləşən yeddi rayonunu işğal etdirdilər. Bu yolla Türkiyənin Ermənistanla münasibətlər quraraq Azərbaycanın ərazi suverenliyindən imtina etməsi qorxusu yaradıldı və nəticədə Qarabağ və yeddi rayonun işğalı ilə bölgədə yeni bir “tampon zona” yaradıldı”.
Onun sözlərinə görə, ruslar üç fərqli siyasi sistem dəyişsələr də, Cənubi Qafqaz siyasətləri dəyişmədi:
“İran da 1.000 il türklər tərəfindən idarə edildikdən sonra 1925-ci ildə farsların, 1979-cu ildə isə İran İslam Respublikasının əlinə keçməsinə baxmayaraq, bu iki mexanizmin də Cənubi Qafqazla bağlı mövqeləri dəyişməz qaldı. Həm Rusiya, həm də İran düşünür ki, İstanbulun, Anadolunun və Türküstanın bir-biri ilə birbaşa əlaqə qurması onların regional maraqları üçün təhlükəlidir. Buna görə Cənubi Qafqazda Gürcüstan və Ermənistan siyasətini son dərəcə həssaslıqla həyata keçirirlər”.
Müsahibimiz əmindir ki, Sovet İttifaqı dağıldıqdan sonra Türkiyə regionu yaxından izləməyə başladı:
“1993-cü ildə Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından sonra Türkiyə Ermənistanla sərhəd qapılarını bağladı. Azərbaycan hər platformada rayonların və Qarabağın işğalı məsələsini gündəmdə saxladı və 27 sentyabrdan 10 noyabra qədər davam edən 44 günlük müharibədə 7 rayonu işğaldan azad edərək böyük bir uğura imza atdı. Rusiya 10 noyabr bəyanatında Cənubi Qafqaz siyasətini davam etdirə bilmək üçün Qarabağa “sülhməramlı qüvvə” adı altında 1960 hərbçi yerləşdirmək qərarı verdi. Gələcəkdə isə bölgədə nəzarəti davam etdirmək məqsədilə tarixdə heç vaxt mövcud olmamış “Laçın dəhlizi” məsələsini atəşkəs razılaşmasına daxil etdi”.
Müsahibimiz əmindir ki, buna cavab olaraq, Türkiyə və Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı gözləntilərinə uyğun gələn 9-cu maddədə köhnə Sovet dövrünün əlaqə xətlərinin açılması barədə müddəa əlavə edildi:
“Əslində, Rusiya bu bəyanatla mövcud olmayan bir mübahisə yaratdı və bu mübahisənin kölgəsində Qarabağı da Abxaziya, Cənubi Osetiya, Donbas modeli ilə idarə etmək istəyirdi. Türkiyədə və Azərbaycanda Zəngəzur dəhlizi ilə bağlı gözləntilər maksimum həddə çatdırıldı, lakin tarixi reallıqlar daim nəzərdən qaçırıldı. Mən hər zaman bəyan etmişəm ki, İran və Rusiya Zəngəzur dəhlizi adlı bir təşəbbüsə heç vaxt icazə verməyəcək. 10 noyabrdan sonra Rusiya bölgədə qalmaq üçün Ermənistanla Azərbaycan arasında davamlı atəşkəs pozuntuları təşkil edərək bölgədəki mövqeyini gücləndirirdi”.
H. Oktayın fikrincə, Ermənistan-Rusiya münasibətlərindəki gərginlik bölgədə ciddi geosiyasi dəyişikliklərə yol açdı:
“Nəticədə, bir atəşkəs pozuntusundan sonra Paşinyan Qarabağ məsələsinin Ermənistanla Azərbaycan arasında deyil, Rusiya ilə Azərbaycan arasında olduğunu bildirəndə Putin də Ukrayna böhranında sıxışdığı bir vaxtda, bu fürsətdən istifadə edərək Qarabağda strategiyasını dəyişdi və Azərbaycanın bölgədəki de-fakto qurumu ləğv etməsi prosesinə start verdi. 10 noyabr bəyanatından bu yana 5 il keçməsinə baxmayaraq, Zəngəzur dəhlizi ilə bağlı heç bir konkret addım atılmamasının əsas səbəbi Rusiyanın və İranın “şimal–cənub dəhlizi” adlandırdıqları tranzit yolun mövcud olmasıdır. Bu amil “şərq–qərb dəhlizi” adlandırılan Zəngəzur dəhlizini faktiki olaraq gündəmdən çıxarır”.
Politoloq hesab edir ki, Türkiyə və Azərbaycan bu prosesi diqqətlə izləməlidirlər:
“Çünki İran rəsmiləri bu məsələ ilə bağlı ardıcıl bəyanatlar verir, Zəngəzur dəhlizinin açılmasını Cənubi Qafqaz siyasəti üçün böyük bir təhlükə kimi gördüklərinə görə hər cür addım atırlar. Eyni şəkildə, Rusiya da hər nə qədər açıq şəkildə Zəngəzuru hədəf göstərməsə də, bu cür bir prosesə icazə verməyəcəyini hər fürsətdə eyham vurur. Bu mərhələdə Türkiyə və Azərbaycanın etməli olduğu Ermənistanı prosesdən kənarda saxlamaqla yeni bir dəhliz strategiyası qurmaqdan daha çox Türkiyə-Ermənistan-Azərbaycan üçtərəfli barışığını təcili şəkildə reallaşdırmaq və Ermənistanı keçid ölkəsinə çevirməkdir. Əks halda, 1993-cü ildə bağlanan sərhəd qapılarının bağlı qalma səbəbi artıq 5 ildir ki, aradan qalxıb və bu, Türkiyəni beynəlxalq müstəvidə ciddi çətinliklərlə üz-üzə qoya bilər”.
“Türkiyə Ermənistanla sərhəd qapılarını bağlamaqda məqsədin bu barışığa töhfə vermək olduğunu bildirsə də, hazırda o, nə bunu reallaşdıra bilir, nə də beynəlxalq aləmdə haqlı görünür. Türkiyə bu üçtərəfli barışığı heç bir ilkin şərt qoymadan reallaşdırmaqla İranın əlindəki əsas strateji kartı əlindən ala bilər. Bu, Rusiyanın və İranın Cənubi Qafqaz siyasətlərinin əsas xəttinə toxunmadan həyata keçirilə biləcək bir prosesdir. Yeni bir “dəhliz savaşı” əvəzinə ümumi və qalıcı sülh bölgə ölkələrinin maraqlarına daha çox xidmət edəcəkdir”, – deyə o, fikirlərini tamamlayıb.
Rafi Müslümov