Artıq heç nə əvvəlki kimi olmayacaq. Putin eskalasiyanı artırır və o sübut edib ki, birinci addımı hər zaman özü atır.
Yenicag.az xəbər verir ki, bu barədə “Polski Mysl” nəşrinin “Rusiya Polşanı vuracaqmı?” adlı sərlövhəli məqaləsində qeyd olunub.
Nəşr yazır ki, əgər Moskva buna gedəcəksə bu, İkinci Dünya müharibəsindən sonra Rusiya və Qərb arasında ən ciddi eskalasiya olacaq.
Qəzetin analitiklərinin fikrincə, eyni zamanda, bu durum “NATO əraziləri hücuma məruz qala bilməz” düsturunu dağıdacaq.
“Bu bizi daha ciddi eskalasiyaya sürükləyə bilər. Hər şey Putinin nə qədər buna gedə biləcəyindən asılıdır”, – deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, Rusiyanın Belarus ərazisində taktiki nüvə silahları ilə bağlı hərbi təlimlər keçirməsi Qərb ölkələrini narahat edib. Rusiya ərazilərinin Qərb silahları ilə ukraynalı hərbçilər tərəfindən vurulması təkliflərinin ard-arda səsləndiyi bu məqamda Kremlin Belarusdakı hərbi təlimləri bir sıra qərbli analitiklər tərəfindən mesaj olaraq qəbul olunur.
Avropada hesab edirlər ki, Rusiya post-Ukrayna dönəminə hazırlıq siyasətinə başlayıb və növbəti hədəf Baltikyanı respublikalar ola bilər. Hadisələrin gərginləşməsi fonunda Rusiyanın Finlandiya və Baltikyanı ölkələrlə sərhədlərini təktərəfli dəyişməsi barəsində həyata keçirmək istədiyi addım Aİ-də növbəti eskalasiya fitilinin yandırılması kimi qəbul olunur.
Polşa nəşri əmindir ki, Rusiya Ukraynada qələbə qazansa, növbəti mərhələdə hədəf olaraq Şərqi Avropa ölkələrinə daxil ola bilər. “Rus ayısı”nın Avropanı işğal etməsinin qarşısının alınması ilə bağlı Ukraynaya Avropa İttifaqı tərəfindən dəstək verilsə də, Macarıstan və Slovakiyanın son proseslərə veto qoyması Kremlin əl-qolunu açıb”, – deyə nəşr əlavə edib.
Varşava administrasiyasının Belarusla sərhəddə bufer zona yaratmaq istəyinin pərdəarxası məqamı da məhz bununla bağlıdır. İddialardan biri isə budur ki, Polşa Ukrayna ərazisində NATO hərbçilərinin fəaliyyət göstərməsinin tərəfdarı olsa da, Almaniya və digər ölkələr sözügedən təklifə qarşıdırlar. Bu günlərdə Almaniya kansleri Olaf Şolzun Rusiya ərazilərinin vurulması ilə bağlı səsləndirdiyi təkliflər isə Aİ rəsmilərinin eskalasiyanı gərginləşdirmək istəyi ilə əlaqələndirilir.
Son olaraq KİV vurğulayıb ki, hazırda Varşava-Moskva münasibətləri gərginliyin ən pik nöqtəsini yaşayır. Polşada mümkün Rusiya hücumu ilə bağlı siyasi kuluarlarda müzakirələr səngimək bilmir.
Rafi Müslümov
www.yenicag.az