Rusiya yeni hədəfləri GÖZALTI EDİB: “Almaniyanın raket qərarı münaqişəni dərinləşdirəcək”
“O raketləri Ukraynaya verən ölkələrin ərazisində fərqli hadisələrin baş verəcəyinin şahidi ola bilərik”.
Bu fikri Almaniyanın Ukraynaya “Taurus” raketləri vermək qərarı və Rusiyanın ata biləcəyi addımları Yenicag.az-a dəyərləndirən hərbi ekspert Ramil Məmmədli deyib.
Onun sözlərinə görə, Almaniyanın verdiyi raketlərlə Rusiyanın yerüstü əməliyyatlarını dayandırmaq olmaz:
“Ukraynada müharibə başlayan ilk günlərdən Avropa İttifaqı və NATO-ya üzv olan ölkələr Ukraynanın yeni tipli taktiki raket kompleksləri ilə təmin olunması ilə bağlı müxtəlif fikirlər səsləndiriblər. Bu fikirlər Rusiya tərəfindən hər zaman narahatlıqla qarşılanıb və sərt cavablar verməklə davam etdirilib. Bu günlərdə Almaniyanın Ukraynaya “Taurus” raketlərini verəcəyi haqda qərarını açıqlaması Rusiya tərəfindən narahatlıqla qarşılandı. Rusiya prezidenti Vladimir Putin, digər aidiyyəti şəxslər sərt şəkildə reaksiya veriblər”.
R. Məmmədli onu da söyləyib ki, müharibənin formatı görünən kimi deyil:
“Ukraynanı taktiki raketlərlə təmin etmək Rusiyanın yerüstü əməliyyatları dayandıracaq vəziyyət yaratmır. Ola bilər, dərinlikdəki hərbi obyektlər zərbəyə məruz qalsın, ancaq bu yerüstü əməliyyatların qarşısını ala bilməyəcək. Əksinə, Almaniyanın və Ukraynanın bu addımı ilə yerüstü əməliyyatlar daha da genişlənəcək. Bundan əlavə, o raketləri Ukraynaya verən ölkələrin ərazisində fərqli hadisələrin baş verəcəyinin şahidi ola bilərik. Münaqişənin sülh yolu ilə həll olması üçün addımların atıldığı bir dövrdə Almaniyanın belə bir addım atması faktiki problemin daha da dərinləşməsinə və Rusiyanın məsələlərə fərqli formada müdaxiləsinə gətirib çıxara bilər”.
Səxavət Məmməd