“Vladimir Putin dünənPrezident İlham Əliyevlə görüşü zamanı qeyd etdi ki, Rusiya bir sıra böhranlarla üz-üzədir və bu hər kəsə məlumdur ki, Ukraynada olan böhrandır. Buna baxmayaraq, Rusiya əsrlər boyu Cənubi Qafqazda proseslərə cəlb olunduğu üçün burada baş verənlərə seyrçi qala bilməz”.
Yenicag.az xəbər verir ki, bu barədə “Caucasian Live” “Telegram” kanalı məlumat yayıb.
Kanal yazır ki, Putin bununla dünyaya və region ölkələrinə mesaj verdi ki, Ukraynada Rusiyanın ilişməsinə baxmayaraq, Moskva Cənubi Qafqazda olan maraqlarından imtina etməyəcək və bu regionu əsla tərk etməyəcək:
“Putinin dediyindən həm də o anlaşılır ki, Moskva üçün indi vacib Ukraynadır və buna görə də Rusiya bu regionda iştirakını azaldıb. Buna baxmayaraq, Rusiya rəhbərliyi regionda Ukrayna böhranından sonra yenidən aktivləşə biləcəyini düşünür. Çünki Azərbaycan və Gürcüstan Rusiya ilə daimi quru və dəniz sərhədlərinə malikdir. Bu baxımdan, Rusiya Xəzərdə olduğu və Şimali Qafqaza nəzarət etdiyi müddətcə, həm də bir Qafqaz ölkəsi olaraq qalır”.
Kanalın analitiklərinin fikrincə, Rusiya prezidenti İlham Əliyevlə mətbuata açıq olan görüş zamanı ikitərəfli görüşün nəticələrini Nikol Paşinyanla bölüşəcəyini bildirib:
“Yəni ya bu görüşdən sonra Putinin Paşinyanla görüşü gözlənilir, ya da liderlər arasında telefon danışığı baş tutacaq. Putin bununla deməyə çalışıb ki, Ermənistan rəhbərliyi ilə olan gərginliyə baxmayaraq, Rusiya balansı qorumağa çalışır. Lakin şübhəsizdir ki, son 300 il Rusiyanın Qafqaz siyasətində erməni mərkəzli siyasət türk mərkəzli siyasətə məğlub olur. Bundan əlavə, Putin çıxışında Azərbaycan və Ermənistan arasında dövlətlərin ehtiyac duyduğu istiqamətdə yardıma hazır olduğunu bildirdi. Bu onu deməyə əsas verir ki, Putin Cənubi Qafqazda yaranmış reallıqlara uyğun və praqmatik reaksiya verir.
Rusiyanın Azərbaycandan qoşunları çıxarmasından sonra yeni iqtisadi layihələrin elanı da onu deməyə əsas verir ki, Moskva bu regionda sərt gücdən ya imtina edir, ya da ən azından müəyyən müddət üçün fasilə verir və yumşaq gücə keçid edir”.
Məlumata görə, Rusiya prezidentinin səfəri zamanı elan edilən iqtisadi layihələr, əslində, Qərblə problemlərdən dolayı inkişaf etsə də, Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi Azərbaycan perspektivindən baxdıqda, normal şəkildə inkişaf edir:
“Müqayisə üçün qeyd edək ki, ötən il Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 4.3 milyard dollar, bu ilin ilk 8 ayında isə 2 milyard dollar təşkil edib. Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi isə ötən il 7.3 milyard dollar, bu ilin artıq ilk 8 ayında 8.4 milyard dollara çatmaqla inanılmaz dərəcədə artıb. Azərbaycanın hələ də bir nömrəli ticarət tərəfdaşı Avropa Birliyidir.
Buna baxmayaraq, Bakı Moskva ilə hesablana bilən, proqnozlaşdırılan əlaqələri inkişaf etdirməyə maraqlıdır. Xüsusilə Qərbin çıxışından sonra Xəzərin şelfində bir sıra əməkdaşlıq məsələləri müzakirə edilə bilər. Əgər Qərb Xəzərdə və digər istiqamətlərdə Rusiyanın enerji sektorunda iştirakına sərt reaksiya vermirsə, bu həmdə qlobal enerji bazarında gedən dəyişikliklərdən, ABŞ-ın artıq özünün də əsas oyunçu olmasından qaynaqlanır”.
“Bütün bunların əsnasında Bakı Moskva ilə ticarətini inkişaf etdirməyə davam edir, amma burada Qərbin bütün “qırmızı xətlər”ini də nəzərə alır. Enerji istiqamətində Rusiya ilə əməkdaşlığın dərinləşdirilməsi həm də onu deməyə əsas verir ki, bu işin digər tərəfində də Avropa Birliyi var. Eyni zamanda, Azərbaycan rəhbərliyi hesab edir ki, Rusiyanın hərbi təsirindənsə, onun iqtisadi təsirini idarə etmək daha asan ola bilər. Şübhəsiz ki, burada ifrat asılılığa düşməmək həyatidir”, – kanalın məlumatında qeyd olunub.
Rafi Müslümov
www.yenicag.az