Rusiya Zəngəzur dəhlizindən UZAQLAŞDIRILDI – Moskvadan Bakı və İrəvana göndərilən mesaj NƏ İDİ?

media-hightechnic-468x90

“Zəngəzur dəhlizi həqiqətən də Azərbaycan və Ermənistanın daxili işidir. Yəni bu məsələ Azərbaycan və Ermənistanı birbaşa maraqlandırır. Zəngəzur dəhlizi Azərbaycan və Naxçıvanı birləşdirəcək bir xətti, eyni zamanda bu marşrut Ermənistan ərazisindən keçəcək. Ona görə də əsasən məhz Ermənistan və Azərbaycan arasında razılığın əldə olunması və sazişin imzalanması lazımdır və Rusiyanın bu məsələyə heç bir halda aidiyyəti yoxdur”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

media-elcin_xalidbeyli

Siyasi təhlilçi Zəngəzur dəhlizi ilə bağlı son zamanlar yayılan iddialar, habelə ABŞ-nin dəhlizə nəzarət etmək istəməsi haqqında səslənən informasiyalar fonunda Rusiyanın sözügedən məsələyə yanaşmasının səbəblərini izah edib.

Onun fikrincə, Rusiya nəyin bahasına olursa-olsun, Zəngəzur dəhlizinə nəzarət etmək imkanları qazanmaq istəyir:

“Yox, əgər bu mümkün olmazsa, Kremldə hesab edirlər ki, Azərbaycan və Ermənistan arasında saziş imzalansın və Zəngəzur dəhlizi açılsın. Ancaq Rusiya həmin dəhlizə nəzarət etmirsə, o halda Qərb dövlətləri də Zəngəzur dəhlizinə nəzarət edə bilməsinlər. Çünki Zəngəzur dəhlizi yaxın gələcəkdə Cənubi Qafqazın ən önəmli strateji geoiqtisadi layihəsinə çevriləcək. Zəngəzur dəhlizi Cənubi Qafqazdakı həm geosiyasi, həm geoiqtisadi, həm də geostrateji proseslərin təyin olunduğu bir məkana çevriləcək. Layihəyə çevrilən bu dəhliz Cənubi Qafqazın gələcək taleyini böyük ölçüdə müəyyən edəcək. Ona görə də Rusiya Zəngəzur dəhlizinə can atır”.

E. Xalidbəylinin sözlərinə görə, eyni zamanda Amerika Birləşmiş Ştatları, Fransa, Avropa Birliyi və digər ölkələr də Zəngəzur dəhlizində birbaşa maraqlıdırlar:

“Bu sıraya Asiya ölkələrini, xüsusilə də Çini də aid etmək olar. Ancaq son proseslər onu göstərir ki, Rusiya Zəngəzur dəhlizinə buraxılmayacaq. Yəni Rusiya Zəngəzur dəhlizinin açılması, ona nəzarət edilməsi və orada təhlükəsizlik qarantiyasının təmin olunması prosesində iştirak etməyəcək. Bu da o deməkdir ki, Rusiya Cənubi Qafqazda ən önəmli nəzarət və təsir mexanizmi rolunu oynaya biləcək bir layihədən kənarda saxlanılıb. Bu isə Kremldə narahatlıq doğurur. Ancaq Kreml son vaxtlar Zəngəzur dəhlizi ilə bağlı bütün canfəşanlıqlarını mümkün qədər gizlətməyə çalışır. Halbuki bir müddət öncə Rusiya və İran ortaq şəkildə bəyan etmişdilər ki, Zəngəzur dəhlizinə heç bir ehtiyac yoxdur. Azərbaycan İran ərazisindən Naxçıvana keçid əldə edə bilər və ona görə də Zəngəzur dəhlizi açılmasın”.

Müsahibimizin fikrincə, bu da onun əlaməti idi ki, Rusiyada artıq anlayırlar ki, Moskva Zəngəzur dəhlizinə buraxılmayacaq:

“Son vaxtlar Rusiya Zəngəzur dəhlizi ilə bağlı həlledici təsir imkanları əldə etmək üçün həm Azərbaycana təzyiq göstərir, həm də Paşinyan hakimiyyətini Ermənistanda devirməyə çalışır. Bunu artıq həm Azərbaycanda, həm Ermənistanda, həm də bütün dünyada tam dəqiqliyi ilə bilirlər. Ona görə də Rusiya bunu gizlətmək üçün, Kremlin bu məkrli planlarını, ssenarilərini ört-basdır etmək məqsədilə Zəngəzur dəhlizinə münasibətdə daha loyal açıqlamalar verməyə ehtiyac duymuş kimi görünür. Prezident Putinin mətbuat katibi Dmitri Peskovun açıqlamaları buna misaldır. Nəhayət, Rusiya təmsilçisi öz dövlətinin adından Zəngəzur dəhlizinin məhz Azərbaycan və Ermənistanın daxili işi olduğunu bəyan etdi. Ancaq bu, siyasi manipulyasiyadır – Rusiyanın Cənubi Qafqazdakı məkrli oyunlarının üzərini örtmək və bu planlarda iştirakının olmadığını ön plana çəkmək məqsədilə verilmiş açıqlamalardır”.

“Əslində isə Dmitri Peskov bu açıqlamanı versə də, Rusiyanın Cənubi Qafqazda qurduğu oyunlar tamam başqa istiqamətlər daşıyır. Bu da ilk növbədə Paşinyan hakimiyyətinin devrilməsi və Azərbaycana qarşı təzyiqlər göstərərək, rəsmi Bakını Rusiyanın maraqlarına uyğun addımlar atmağa yönəltmək cəhdləridir. Ancaq göründüyü kimi, Kreml nə Azərbaycana təzyiqlərindən hər hansı bir nəticə ala bilir, nə də Ermənistanda Paşinyan hakimiyyətini hələlik devirə bilir. Ona görə də Peskov ölkəsinin həmişə olduğu kimi məkrli oyunlarını ört-basdır etmək üçün belə açıqlamalar verir”, – deyə o, fikirlərini tamamlayıb.

Rafi Müslümov

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600