Rusiyanın növbəti “bizləmə” OYUNU: NATO Polşanı QORUYACAQ? – Səxavət Məmməd yazır
Alyaska görüşündən sonra elə düşünülürdü ki, qısa zamanda sülhə nail olunacaq. Danışıqlarla paralel sahədə baş verən proseslər onu deməyə əsas verirdi ki, sülh çox uzaqdır. Hazırda müharibə aparan tərəflərdən nə Rusiya, nə də Ukrayna tükənməyib. Ukrayna tükənsə idi, ağır şərtlərlə sülh müqaviləsinə, Rusiya isə atəşkəsə razı olardı.
Alyaska görüşü ərəfəsində və görüşdən sonra Rusiya, demək olar ki, hücumlarını bəzi istiqamətlərdə dayandırmışdı. Hətta Ukraynanın böyük şəhərlərinə dron və raket zərbələri səngimişdi. Məlum olanda ki, İngiltərə, Fransa və Almaniyanın dəstəyini alan Ukrayna tərəfi torpaq itkisi ilə razılaşmayacaq, ruslar hücumun kəsərini artırmağa başladı. Artıq Qərb ölkələrinin kəşfiyyat orqanları da məlumat yayır ki, Rusiya payız üçün genişmiqyaslı hücumlara hazırlaşır. Rusiya üçün artıq Ukraynaya gün ərzində 700-800 “Geran-2” dronları ilə hücum etmək adi hala çevrilib. Bununla yanaşı, eyni vaxtda “İsgəndər K”, “İsgəndər M” raketləri hücumlar həyata keçirilir. Paralel olaraq isə yerüstü əməliyyatlar da davam edir. Ancaq dron və raketlərdən fərqli olaraq, yerüstü əməliyyatların miqyası və sürəti aşağı səviyyədədir. Böyük ehtimalla, sentyabr ayının sonlarına doğru yerüstü əməliyyatların da sürətində artım olacaq. Çünki Rusiya tərəfi anladı ki, indiki mərhələdə masada öz şərtlərini qəbul etdirə bilməyəcək.
Ukrayna tərəfinə gəldikdə isə əgər Ukrayna ərazilərini işğaldan azad etmək istəyirsə, müdafiə döyüşlərini bitirməli və hücuma keçməlidir. Hücuma keçmək üçün isə Ukraynaya canlı qüvvə lazımdır. Ukrayna tərəfinin hücumu inkişaf etdirməsi və uğur qazanması üçün Rusiyanın hazırda Ukraynada döyüşən bölmələrindən bir neçə dəfə çox qüvvə ilə döyüşlər aparmalıdır. Hücumda olan bölmələrlə müdafiədə döyüşən bölmələrin qüvvələr nisbəti 1/4 olmalıdır. Hazırda Ukraynaya təkcə hava hücumundan müdafiə sistemləri, dronlar, raketlər yox, həm də canlı qüvvə lazımdır. Ukrayna bunu necə təşkil edəcək – bu sual altındadır.
Rusiyanın Ukraynaya dron hücumu zamanı Polşanın hava məkanı pozulub. Bu barədə də müxtəlif iddialar var. Qərb tərəfi bunun Rusiyanın Polşaya hücumu kimi qiymətləndirir, Rusiya tərəfi isə ümumiyyətlə, dronların deyilən istiqamətə qədər gedib çatma ehtimalının olmadığını bəyan edir. Baş verən hadisəyə, maraqlıdır ki, Polşanın özündən daha sərt reaksiyanı Almaniya tərəfi verdi. Ümumiyyətlə, nəinki Rusiya-Ukrayna müharibəsinin bitməsini, NATO ilə Rusiyanın toqquşmasını istəyən qüvvələr var.

Rusiya dronlarının vurulduğu istiqamət Kalininqrad, Belarusla sərhəd və Polşanın mərkəzi hissəsindədir. Əgər bu dronlar Kalininqraddan göndərilibsə, Polşanın mərkəzinə və Belarusla sərhədə yaxın gəlib çata bilibsə, bu, o deməkdir ki, Polşanın hava hücumundan müdafiə sistemləri “yuxuda” olub. Bu NATO ölkəsi, Rusiya təhdidi altındakı Polşa üçün ayıb sayılmalıdır. Əgər sözügedən dronlar Kalininqraddan yox, Rusiyadan, yaxud Rusiyanın işğalı altındakı Ukrayna torpaqlarından göndərilibsə, bu, o deməkdir ki, Ukraynanı başdan-başa keçib. Yəni Ukraynanın hava məkanı tamamilə açıqdır. Hesab edək ki, Ukraynanın hava məkanı açıqdır, onda rus dronları Polşa sərhədini necə keçə bilib ki, Belarusla sərhədə, hətta Kalininqradda qədər irəliləyib?
Rusiya dronları bilərəkdən, yaxud bilməyərəkdən Polşanın hava məkanını pozub. Ortaya hansı nəticə çıxır? Rusiya tərəfinə aydın oldu ki, 14 dron Polşa səmasında olarkən Polşanın hava hücumundan müdafiə sistemləri necə işlədi, NATO təyyarələri, İtaliya və Niderland təyyarələri hansı müddətdə Polşa səmasının təhükəsizliyini təmin etdi və dronları hansı müddətdə zərərsizləşdirə bildi. Əgər bu testdirsə, Polşa və NATO ciddi tədbirlər görməlidir. Verilən reaksiyanın müddəti, çeviklik onu göstərdi ki, ən azı Polşa müharibəyə ciddi şəkildə hazır deyil. Polşa tərəfinin verdiyi ilkin reaksiya da qəribə idi. Havada 14 dron aşkarlanır, onlardan 4-ü vurulur, ancaq 10-u radardan itir. Açığı bunun özü də “bilgi kirliliyi”nin olmasını göstərir.

Putin Ukraynadakı əməliyyatlardan sonra bir neçə dəfə Polşanı açıq şəkildə hədələyib. Hətta bu hədələrdən sonra Polşa ordunun güclənməsi üçün ciddi addımlar atdı. Polşa həm ordusunun şəxsi heyətinin sayını artırdı, həm də əlavə hava hücumundan müdafiə sistemləri aldı.
Düzdür, Rusiya tarixinə baxanda rusların eyni vaxtda bir neçə istiqamətdə döyüşdüyünün şahidi oluruq. Ancaq indiki məqamda Rusiyanın Ukrayna müharibəsini bitirmədən başqa bir istiqamətdə döyüşəcəyi inandırıcı deyil. Əslində, bu, başqa bir istiqamət də deyil, birbaşa NATO-dur. Ona görə də belə bir toqquşmanın olacağı inandırıcı görünmür. Reallıq ondan ibarətdir ki, Qərbin dişsizliyi, lider çatışmazlığı Rusiyanın əl-qolunu bir qədər də açır.