“Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru vəzifəsində işləmiş Quliyev Əzizağa Kişibala oğlunun qanunsuz hərəkətləri barədə vətəndaşın müraciəti əsasında Saatlı Rayon Prokurorluğunda araşdırma aparılıb.
Bu barədə Yenicag.az-a Saatlı Rayon Prokurorluğundan məlumat verilib.
Aparılan araşdırmalarla Əzizağa Quliyevin “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru vəzifəsində işləyən zaman Matan Məmmədovanı xadimə işinə qəbul etmək müqabilində 1 000 manat, qızı Jalə Həvəskarini isə kompüter üzrə mütəxəssis ştatına işə qəbul etmək üçün 2 000 manat məbləğində pulu rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Saatlı Rayon Prokurorluğunda cinayət işi başlanmaqla Quliyev Əzizağa Kişibala oğlu Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.