Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rüşvətə görə tutulan MƏMURLAR: "Onları başqasıyla əvəzləmək mübarizə metodu deyil"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu “Ekvita Consulting” MMC şirkəti ilə 30 min manatlıq xidmət müqaviləsi bağlayıb. Şirkət Nazirliyə “korrupsiya və rüşvətxorluqla mübarizənin yolları” haqqında məsləhət xidmətləri göstərəcək.

Bu əməkdaşlığın mahiyyətini dəyərləndirən beynəlxalq standartlaşdırma üzrə mütəxəssis, “Bureau De Qualit” şirkətinin rəhbəri Asif İbrahimov Yenicag.az-a açıqlamasında qeyd edib ki, korrupsiya ilə mübarizədə beynəlxalq aləmdə tanınan standartların tətbiqi müsbət nəticə verə bilər:

“Məlumdur ki, hər bir qurumun özünəməxsus proses çərçivəsi var. Bu prosesləri tənzimləmək üçün ölçü meyarları müəyyənləşdirilməlidir. Proseslər arasındakı qarşılıqlı əlaqə sistem sayılır. Hansısa müəssisənin fəaliyyəti üçün idarəetmə sisteminin olması vacibdir. Korrupsiya ilə mübarizə bir sistem məsələsidir. Ölkəmizdə rüşvətə görə həbs olunan icra başçısı yenisi ilə əvəz olunur. Halbuki bu addım rüşvətlə mübarizə metodu deyil və effektiv nəticəsi yoxdur. Korrupsiya ilə mübarizə çərçivəsində metodologiyanın olması mütləqdir.

Bu fonda rüşvətxorluq ilə mübarizədə “ISO 37001″ beynəlxalq səviyyədə tanınmış ən yaxşı idarəetmə sistemidir. Bu standartda beynəlxalq hüquqi aktlar, rüşvətlə mübarizədə müxtəlif beynəlxalq praktikalar nəzərə alınır və təşkilatın tərkibində texniki komitələr fəaliyyət göstərir. Həmin komitələr hansısa texniki idarəetmə və ya peşə standartlarının hazırlanmasında rol oynayır. Əslində bu standartın dövlət qurumlarında tətbiq olunması çox vacibdir. Bu gün artıq bəzi dövlət qurumlarında müvafiq proqram çərçivəsində bu standartın tətbiqinə başlanılıb”.

Əmək və  Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinə də toxunan Asif İbrahimov bildirib ki, qanunvericiliyin düzgün təşkil olunmaması dövlət qurumlarının əksəriyyətində çatışmazlıqların yaranmasına yol açır:

“Qeyd olunan nazirlik ən ağır fəaliyyət sahəsi olan qurumlardan biridir. Qurumun fəaliyyətində bir sıra problemlər mövcuddur. Lakin əsas problem isə budur ki, qanunvericilikdə hər hansısa halın nəzərə alınmamasından dolayı yaranan çətinliyin məsuliyyəti qurumun üzərinə düşür. Azərbaycanda qanunvericiliklə bağlı sosial, iqtisadi və bir çox sahələrdə təkmilləşdirmə işlərinin aparılması zəruridir. Ölkənin qanunvericiliyi dünyanın aparıcı dövlətlərinin qanunvericiliyinə uyğunlaşdırılmalıdır. Məsələn, Azərbaycan sahibkarı Avropaya məhsul çıxara bilmir. Bunun səbəbi qanunvericiliyimizin Avropanınkı ilə üst-üstə düşməməsidir. Laboratoriyalarımızda verilən rəylər Avropada mötəbərliyini qoruya bilmir və fərqlər ortaya çıxır. Düzdür, bəzi qurumların fəaliyyəti ilə bağlı şikayətlər kifayət qədər çoxdur. Ancaq ölkədəki qurumların fəaliyyətindəki nöqsanların başlıca səbəbi qanunvericilikdəki boşluqlara bağlıdır”.

Gülşən Şərif

www.yenicag.az

167
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100