Trampdan atəşkəs xəbəri: İsrail razı oldu
“İsrail 60 günlük atəşkəsin əldə olunması üçün lazımi şərtləri qəbul edib”
Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs təklifini qəbul etdiyini açıqlayıb.
Tramp bu barədə “Truth Social” platformasında paylaşım edib. ABŞ liderinin sözlərinə görə, onun nümayəndələri ilə İsrail rəsmiləri arasında “uzun və məhsuldar” danışıqlar aparılıb.
Prezident Tramp bildirib ki, atəşkəsin əldə olunması üçün Qətər və Misir vasitəçilik edir və son təklifin HƏMAS-a təqdim olunması gözlənilir.
“İsrail 60 günlük atəşkəsin əldə olunması üçün lazımi şərtləri qəbul edib. Bu müddət ərzində bütün tərəflərlə birlikdə müharibənin sona çatdırılması üçün çalışacağıq,” – deyə Tramp bəyan edib.
ABŞ prezidenti həmçinin xəbərdarlıq edib ki, əgər HƏMAS bu təklifi qəbul etməzsə, Qəzzada vəziyyət daha da ağırlaşa bilər:
“Ümid edirəm ki, Yaxın Şərqin xeyrinə HƏMAS bu razılaşmanı qəbul edər. Əks halda vəziyyət yaxşılaşmayacaq.”
Göycə Göycəyev