Saakaşvili axtarışdadır?
Rusiya İstintaq Komitəsi 2008-ci ilin avqustundakı Rusiya-Gürcüstan müharibəsinə görə Mixail Saakaşvili və onun komandasının bir çox üzvünü axtarışa verə bilər.
Bu barədə İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirib. Onun sözlərinə görə, Cənubi Osetiyada osetinlərin tam məhv olunmasını qarşısına məqsəd qoyan eks-prezident Mixail Saakaşvili, keçmiş müdafiə naziri David Kezeraşvili, keçmiş daxili İşlər naziri Vano Merabişvilinin Rusiya tərəfindən axtarışa verilmə ehtimalı var:
“Onların əmri ilə 2008-ci il avqustun 7-də gürcü hərbçiləri mülki obyektləri atəşə tutublar. Tank və artilleriyadan istifadə olunub”.
Markin əlavə edib ki, hərbi əməliyyatlar zamanı ukraynalı millətçilər də Gürcüstana canlı qüvvə ilə dəstək göstəriblər.
Rusiya İstintaq Komitəsi hesab edir ki, hökumət vəzifələri tutduqlarına görə əvvəllər Saakaşvili və onun komandası beynəlxalq immunitetə malik idilər. Lakin Gürcüstanda yeni hökumətin hakimiyyətə gəlməsi ilə bu immunitet öz qüvvəsini itirir və onlar cinayət məsuliyyətinə cəlb oluna bilərlər.