Saatlıdakı Ahıska türkləri ziyarət edildi – FOTOLAR/YENİLƏNİB

Yurd-yuvalarından sürgün olunmasının 75-ci ildönümündə Saatlı rayonunda yaşayan Ahıska türkləri ziyarət edilib.

Yenicag.az xəbər verir ki, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) təşkilatçılığı və Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə edilmiş ziyarətdə Saatlı rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov, Türkiyə səfiri Erkan Özoral, TÜİB sədri Hüseyin Büyükfırat, türkiyəli iş adamları və media nümayəndələri iştirak ediblər.

İlk olaraq sürgünün 75-ci ildönümünü simvolizə edən 75 ədəd ağac əkilib.

Bundan sonra rayonun Qazanbatan kəndində yaşayan Ahıska türklərinin ağsaqqalı Ənsar Rizmanovun evi ziyarət edilib.

Ənsar Rizmanov Türkiyə və Azərbaycan dövlətinin Ahıska türklərinə olan qayğısından dolayı onlara öz minnətdarlığını bildirib:

“Mərhum Heydər Əliyev bizə çox qayğı göstərirdi. İndiki prezident İlham Əliyevdən də çox razıyıq. Azərbaycana və Türkiyəyə bizə göstərdiyi diqqət və qayğıya görə çox təşəkkür edirik. Azərbaycan və Türkiyə hər zaman bizim yanımızda olub. Bizə ilk yardım edən Hüseyn Büyükfıratdan hamımız razıyıq. Cənab səfir və Saatlı Rayon İcra başçısı Nazim İsmayılovun da bizə diqqətini də unuda bilmərik”.

Anma və xeyriyyə məqsədi daşıyan ziyarətdə Qazanbatan kənd əhalisinə ərzaq yardımı edilib və dəvət edilmiş həkimlər kənd sakinlərini müayinə edərək lazımi göstərişləri veriblər.

Media nümayəndələrinə danışan səfir Ərkan Özoral Ahıskalıların hələ də öz yurdlarına dönəcəkləri günü gözlədiklərini qeyd edib:

“Hələ SSRİ dönəmində Azərbaycan Ahıskalıların məskunlaşdığı önəmli yerlərdən biri olub. Bu gün burada minlərlə Ahıska türkü yaşayır. Ancaq onu deyim ki, onlar hələ də öz yurdlarına dönməyi arzulayır, bununla yaşayırlar”.

İş adamı Hüseyin Büyükfırat bura ilk dəfə 1994-cü ildə gəldiyini qeyd edib və burada gördükləri işlərdən söz açıb:

“Bura ilk dəfə 1994-cü ildə gəlmişdim və ondan sonra hər il bayramlarda soydaşlarımızı ziyarət edirəm. Burada məscid tikdirmiş və əlimizdən gəldiyi qədər sakinlərə yardım etməyə çalımışıq. Bundan sonra da bu əməllərimizi davam etdirəcəyik”.

Qazanbatan kəndindən sonra rayonun Şirinbəyli kəndindəki Türk əsgərinin məzarı ziyarət edilib.

Aqil Bəkir / Saatlı

COP29