2020-2021-ci tədris ili üzrə SABAH qruplarına tələbə seçimi müsabiqəsinin I mərhələsinə start verilib.
Təhsil Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, növbəti tədris ilində SABAH qruplarında təhsil almaq arzusunda olan tələbələr elektron ərizə vasitəsilə qeydiyyatdan keçməklə müsabiqədə iştirak etməlidirlər.
Mövcud qaydalara əsasən, SABAH qruplarına Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində müəyyən edilmiş ixtisaslar üzrə əyani formada təhsil alan, birinci tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilər.
Növbəti tədris ilində 10 ali təhsil müəssisəsində 32 ixtisas üzrə SABAH qruplarının yaradılması nəzərdə tutulub. Müsabiqənin növbəti mərhələləri haqqında ətraflı məlumat mütəmadi olaraq www.sabah.edu.az saytında yerləşdiriləcək.
Xatırladaq ki, SABAH qrupları 2014-2015-ci tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılıb və hazırda 11 ali təhsil müəssisəsi, 36 ixtisas, 500-dən artıq professor-müəllim heyəti, 2400-dən artıq tələbə və 2500-dən artıq məzunu əhatə edir. SABAH qruplarının məqsədi ali təhsildə davamlı, uzunmüddətli, hərtərəfli və əhatəli keyfiyyət dəyişikliklərinin həyata keçirilməsi üçün mühitin yaradılması, Azərbaycan gənclərinin fərdi və peşəkar inkişafına dəstək göstərilməsi, əmək bazarının tələblərinə uyğun olaraq savadlı, bacarıqlı və nazırlıqlı mütəxəssislərin yetişdirilməsidir.
www.yenicag.az