Sabiq NATO komandanı Putini danışıqlara məcbur edəcək yeganə yolu açıqladı
NATO-nun birləşmiş qüvvələrinin sabiq ali baş komandanı, istefada olan admiral Ceyms Stavridis ABŞ-ı və onun müttəfiqlərini Ukraynaya yalnız müdafiə deyil, həm də hücum xarakterli silahlar təqdim etməyə çağırıb. Onun fikrincə, yalnız bu cür təzyiq Rusiya prezidenti Vladimir Putini danışıqlar masasına oturmağa məcbur edə bilər.
Yenicag.az xəbər verir ki, bu barədə “The Hill” yazır.
“Mən daha çox “Harpoon” raketlərinin verilməsini istərdim – Qara dəniz donanmasına zərbə vurmaq üçün. Daha çox HIMARS, dərin arxa mövqeləri vura bilən ‘yer-yer’ tipli silahlar, daha çox hücum yönümlü kiber imkanlar və bir neçə F-16 döyüş təyyarəsi lazımdır”, – deyə Stavridis bildirib.
O əlavə edib ki, Patriot zenit-raket sistemləri həyati əhəmiyyət daşıyır, lakin müharibənin gedişatını dəyişmək üçün yetərli deyil:
“Biz istəyirik ki, Putin danışıqlara başlasın. Bu isə yalnız güclü təzyiq altında mümkündür”.
Stavridis ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı sərt mövqeyini dəstəkləyib:
“Putin atəşkəsi qəbul etməyə məcbur edilməlidir. Bunun üçün isə yalnız diplomatiya kifayət deyil – həm hərbi, həm də iqtisadi real təzyiq lazımdır”.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bu həftənin əvvəlində NATO ilə yeni müdafiə razılaşması elan edib. Razılaşmaya əsasən, Avropa müttəfiqləri hesabına Ukraynaya 17 ədəd Patriot batareyası veriləcək. Tramp bildirib ki, bu, “tam komplektdir” və yaxın bir neçə gün ərzində Ukraynaya çatdırıla bilər.
Bununla yanaşı, Tramp əgər 50 gün ərzində müharibənin dayandırılması ilə bağlı razılıq əldə olunmasa Moskvaya qarşı yeni sanksiyalar tətbiq edəcəyi ilə hədələyib. O həmçinin senator Lindsi Qremin Rusiyaya qarşı sərt “ikincili sanksiyalar” layihəsini dəstəklədiyini açıqlayıb.