Bu ildən etibarən müddətli əmək müqavilələrinin daimiləşməsi və ya yerdəyişmə müsabiqəsində uğur qazanan namizədlərə də müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmək hüququ veriləcək.
Təhsil Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, müsabiqələr nəticəsində uğur qazanan bütün namizədlər (ibtidai sinif müəllimliyi ixtisası istisna olmaqla) maksimum iki iş yerində daimi əsaslarla çalışa biləcəklər.
Müddətsiz müqavilə əsasında çalışan müəllim müddətli əsaslarla ikinci iş yerinə qəbul olaraq, əmək müqaviləsini daimiləşdirdikdən sonra yerdəyişmə müsabiqəsində uğur qazandığı halda hər iki iş yerində daimi əsaslarla işləyəcək. Bu zaman onun yerdəyişmə müsabiqəsində tutduğu yer əsas, daimiləşdiyi yer əlavə iş yeri olacaq.
Müddətsiz müqavilə əsasında çalışan müəllim işə qəbul müsabiqəsində uğur qazandığı halda hər iki iş yerində daimi əsaslarla işləyəcək. Bu zaman onun işə qəbul müsabiqəsində tutduğu yer əsas, əvvəl çalışdığı yer əlavə iş yeri olacaq.
Yəni müddətsiz müqavilə əsasında çalışan müəllim müddətli əsaslarla ikinci iş yerinə qəbul olaraq, əmək müqaviləsini daimiləşdirdikdən sonra yerdəyişmə müsabiqəsində və daha sonra növbəti işə qəbul müsabiqəsində uğur qazandığı halda onun maksimum iki yerində, 3 seçimdən biri əsasında çalışmaq imkanı olacaq. Bu halda müəllimlərin işə qəbul müsabiqəsində tutduğu yer əsas, yerdəyişmə müsabiqəsində tutduğu yer əlavə iş yeri olacaq.
www.yenicag.az