Sahədəki savaş texnologiya müstəvisinə KEÇİR: İranın böyük şirkətləri hədəfə alması hansı mənaya gəlir?
Yaxın Şərq üzrə mütəxəssis, qlobal müdafiə yazarı Eylem Okumuş, xüsusi olaraq “Yeni Çağ” üçün
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, ABŞ-nin iranlı liderlərə qarşı sui-qəsdləri davam edərsə, bəzi iri beynəlxalq şirkətləri “qanuni hədəf” elan edəcəklər. Siyahıya “Apple”, “Google”, “Microsoft”, “Meta”, “Nvidia”, “Intel”, “IBM”, “HP”, “Dell”, “Oracle”, “Cisco”, “Palantir”, “Tesla”, “Boeing”, “General Electric” və “JPMorgan” kimi adlar daxil edilib.
Bu bəyanat adi təhdid deyil, açıq mesaj xarakteri daşıyır. Məqsəd ABŞ və müttəfiqlərinin bölgədəki əməliyyatlarına cavab vermək və sahədəki tarazlığa təsir göstərməkdir. İran bildirir ki, bu şirkətlərin Körfəzdəki infrastrukturu, məlumat mərkəzləri, server sistemləri, bank və logistika şəbəkələri, aviasiya və müdafiə tədarük zəncirləri ABŞ və İsrailin potensialını dəstəkləyir. Hədəf seçimi təsadüfi deyil, hər biri İranın təhlükəsizliyi və liderləri üzərində təzyiq quran sistemlərin bir hissəsi kimi görülür.
“Apple” və “Google” milyonlarla istifadəçiyə xidmət göstərən məlumat mərkəzləri ilə informasiya axınına nəzarət edir. “Microsoft” infrastrukturu korporativ sistemləri və bank əməliyyatlarını qidalandırır. “Nvidia” süni intellekt çipləri və server sistemləri ilə məlumat emalı qabiliyyətini artırır. “Meta”nın “WhatsApp” və “Instagram” xidmətləri bölgədəki ünsiyyəti təmin edir. “JPMorgan” kimi banklar maliyyə axınını yönləndirir. “Boeing” və “Tesla” sahədəki logistika və texnologiya infrastrukturunun mühüm hissələrini təşkil edir.
“Palantir” ABŞ ordusu və kəşfiyyatının istifadə etdiyi yüksək səviyyəli hədəf müəyyənetmə və məlumat analizi platforması kimi önə çıxır. İrana görə, bu, Xamenei və yüksək rütbəli liderlərin yerini müəyyən etmək üçün istifadə olunan sistemlərdən biridir. “Palantir”in Körfəzdəki əməliyyatları ABŞ-nin sahədəki kəşfiyyat potensialını artırır və bu səbəbdən digər şirkətlərdən fərqli olaraq kəşfiyyat infrastrukturunun bir hissəsi kimi hədəfə alınıb.
İnqilab Keşikçiləri bu şirkətlərin Körfəzdəki işçilərinə təhlükəsizlik xəbərdarlığı edərək bölgəni tərk etmələrini istəyib. Mesaj aydındır: İran öz liderlərinə qarşı təhdidləri təkcə hərbi deyil, həm də iqtisadi, texnoloji və kəşfiyyat müstəvisində cavablandıra biləcək gücdə olduğunu nümayiş etdirir.
Siyahı və bəyanat güc balansını, enerji xətlərini, ünsiyyət və kəşfiyyat infrastrukturunu hədəf alan çoxşaxəli strateji gediş kimi oxunmalıdır. Hörmüzdəki gərginlik və ABŞ/İsrail-İran münasibətləri birləşdikdə bu addım sahədəki qeyri-müəyyənliyi və riskləri daha qabarıq şəkildə üzə çıxarır.













