Savçenko ətrafındakı qalmaqal böyüyür
Yenicag.az anspress-ə istinadən bildirir ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Ann Brasser Rusiyanı təyyarəçi, Ukraynanın deputatı və AŞPA-dakı nümayəndəsi Nadejda Savçenkonu həyatda saxlamaq üçün onu azad etməyə çağırıb.
O deyib ki, əgər hansısa başqa səbəb yoxdursa, onda Rusiya hakimiyyəti heç olmasa insansevərlik göstərib N.Savçenkonun həyatını xilas etməlidir: “Biz bu həftə Strasburqda İşgəncənin və Qeyri-insani yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Avropa Komitəsinin (İQAK) 25 illiyini bayram edirik. Savçenko nə vaxta qədər əziyyətdən xilas olmayıb Rusiya hakimiyyətinin səmimi yaxınlaşmasına, töhfəsinə inana bilmirəm.”
Xatırladaq, Moskva məhkəməsi sabah 33 yaşlı N.Savçenko ilə bağlı məsələyə baxacaq. Ukrayna təyyarəçisi, Ali Radanın deputatı və bu ölkənin AŞPA-dakı nümayəndə heyətinin üzvü Nadejda Savçenko 2014-cü ilin iyulundan Rusiyada saxlanılır. O, etiraz əlaməti olaraq 81 gündür aclıq elan edib.