Sayğaclara müdaxilə etmək mümkün olmayacaq
“Azərenerji” ASC-nin mətbuat xidmətindən bildiriblər ki, “Goranboy” Elektrik Şəbəkəsi Müəssisəsində keçirilmiş reydlər zamanı istehlakçıların sayğac uçot komplektində qüsurlar aşkar olunub. Ən çox əhali istehlakçıları qrupunda qayda pozuntularına rast gəlinib və kənar xətt vasitəsilə elektrik enerjisindən qeyri-qanuni istifadə halları üstünlük təşkil edib.
Bu ilin iyul ayında müəssisə üzrə, ümumilikdə 21,5 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak olunub. Bu dövrdə, ümumi istehlak 2013-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 1,4 milyon kilovat-saata yaxın artıb. Daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 232 min kilovat-saat artaraq 3,2 milyon kilovat-saatdan çox olub.
Ötən 7 ayda isə burada ümumilikdə 131,1 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak edilib.