!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Seçim Ermənistanındır… – Ülvi Quliyev yazır

!Reklam – Yazi

İstənilən dövlətin öz əhalisinə təqdim etdiyi sosial tədbirlər paketinin səviyyəsi birbaşa həmin ölkənin iqtisadi dayanıqlılığından asılıdır. Vətəndaşların sosial müdafiəsi ilə bağlı məsələlər dövlətin prioritetinə o zaman çevrilir ki, onun arxasında iqtisadi imkanlarla yanaşı, hakimiyyətin bunu etmək istəyi və həmin istəkdən doğan konkret dövlət proqramları dayanır. Prezident İlham Əliyevin iştirakı ilə iyulun 14-də Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə yeni mənzil və avtomobillərin təqdim olunması mərasimi məhz bu istəyin, sosialyönümlü dövlət siyasətinin növbəti əyani göstəricisidir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev bildirib.

Deputat qeyd edib ki, budəfəki mərasimdə şəhid ailələri və müharibə əlillərinə 15 ədəd doqquzmərtəbəli binada 810 mənzil təqdim edildi. Dövlətimiz indiyədək bu kompleks də nəzərə alınmaqla, 10 min şəhid ailəsini və müharibə əlilini mənzil və fərdi evlə təmin edib. Ötən il 1572 ailə yeni mənzilinə qovuşub, bu il isə artıq 1300-dən çox ailə mənzillə təmin olunub, ilin sonunadək belə ailələrin sayı 3 minə çatdırılacaq. Xocasəndəki tədbirdə qazilərimizə yeni avtomobillər də təqdim edildi.

İndiyədək müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə dövlətimiz tərəfindən 7200 yeni avtomobil verilib. Böyük maliyyə vəsaitləri hesabına həyata keçirilən və real dövlət qayğısına dəlalət edən tədbirlər bununla məhdudlaşmır. Təkcə son altı ayda şəhid ailələrinin üzvlərinin və müharibə veteranlarının aktiv məşğulluq proqramı çərçivəsində 47 min 400 nəfər işlə təmin olunub, 7 min vətəndaş özünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb olunub. 2018-2020-ci illərdə bu qəbildən olan vətəndaşların orta aylıq əməkhaqqı 30 faiz, orta aylıq pensiyası isə 60 faiz artırılıb.

Postmünaqişə dövründə 24 min şəxsə 33 min xidmət göstərilib. Prezident İlham Əliyevin cari ilin iyun ayında verdiyi Fərmanla yaradılan Vahid Əlaqələndirmə Mərkəzində 7 qurum üzrə 26 növ xidmətin göstərilməsi nəzərdə tutulur.

Dövlətimiz tərəfindən bu il üçün planlaşdırılan tədbirlər imkan verəcək ki, 16 min insan özünüməşğulluq proqramına qoşula bilsin.
Bütün bunlar vətəndaşların, xüsusən cəmiyyətimizin həssas təbəqəsinin sosial müdafiəsi sahəsində dövlətimiz tərəfindən görülən genişmiqyaslı işlərin yalnız bir hissəsidir. Bu qəbildən olan vətəndaşlarımızın maddi təminatı ilə bağlı məsələlərin həlli, onların sosial xidmətlərə əlçatanlılığının təmin edilməsi, bir sözlə bu həssas təbəqənin daimi diqqət və qayğı ilə əhatə olunması dövlətimizin əsas məqsədləri sırasındadır.

Sosial sahədə atılan addımlar, qəbul olunan dövlət proqramları və görülən real işlər bir daha sübut edir ki, milli-mənəvi dəyərlərimizin qorunması dövlətimiz üçün, həqiqətən, prioritet təşkil edir. Uzun illər ərzində qaçqın və məcburi köçkün statusu daşıyan bir milyondan çox vətəndaşımızla bağlı atılmış mühüm addımları, eləcə də sosial müdafiə xarakterli ümumi tədbirləri nəzərə alsaq, dövlətimizin üzərinə düşən iqtisadi yükü görməmək və dəyərləndirməmək mümkün deyil.

Xüsusən, qiymətləndirməli olduğumuz həm də budur ki, COVID-19 pandemiyasının doğurduğu fəsadlara və dünya iqtisadiyyatına vurduğu zərbələrə, tarixi Qələbə əldə etdiyimiz Vətən müharibəsinin dövlətimizin iqtisadi yükünü dəfələrlə artırmasına baxmayaraq, Azərbaycan hakimiyyəti heç bir sosial layihəni təxirə salmayıb. Görünən və görünməyən problemlərin mürəkkəbliyinə rəğmən, mübaliğəsiz, bugünkü Azərbaycan dünya miqyasında vicdanlı və ədalətli sosial siyasət yürüdən azsaylı ölkələrdən biridir.

Dövlətimizin başçısı Xocasən qəsəbəsindəki təqdimat mərasimində şəhid ailələrinin üzvləri və müharibə əlilləri qarşısında etdiyi çıxışda növbəti dəfə Ermənistana və onun himayədarlarına, dünya birliyinə ciddi mesajlar verdi. Bu çıxış, həmçinin əks-sədası uzun illər səngiməyəcək Şuşa Bəyannaməsinin, “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 7 iyul tarixli Prezident Fərmanında nəzərdə tutulmuş müddəaların məntiqli davamı idi.

Şuşa Bəyannaməsi qardaş Türkiyə ilə müttəfiqlik münasibətlərimizin yeni mərhələdə daha da gücləndirilməsi istiqamətində atılmış çox mühüm addım oldu. 7 iyul tarixli Prezident Fərmanı dövlətimizin başçısı tərəfindən məhz Sovet Azərbaycanında keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradıldığı gün imzalandı. Həmin Fərmanla nəzərdə tutulan 14 iqtisadi rayon arasında Şuşa, Xankəndi, Xocalı və Xocavəndin də daxil edildiyi Qarabağ, eləcə də Şərqi Zəngəzur iqtisadi rayonları yer alır. Şuşa Bəyannaməsi və 7 iyul tarixli Prezident Fərmanı bir-biri ilə üzvü şəkildə bağlıdır, biri digərinin məntiqi davamıdır və əminəm ki, onların Qars müqaviləsi tək tarixi əhəmiyyətini təkcə indiki nəsil deyil, gələcək nəsillər də öz həyatında hiss edəcək.

Prezident İlham Əliyev bir daha siyasi iradəsini ortaya qoydu və bədxahlarımızla yanaşı, dünya birliyinə bu mesajı verdi: “Əgər dırnaqarası Dağlıq Qarabağın statusundan söhbət gedirsə, mən demişəm, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlədilməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var. İyulun 7-də imzaladığım Fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı, vəssalam”.

Dövlətimizin başçısı Ermənistan və havadarlarına bu mesajı da ünvanladı: “Biz tarixi unuda bilmərik, kiminsə siyasi maraqlarının girovuna çevirə bilmərik…. Biz həqiqəti deyirik. Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur-Şərqi və Qərbi Zəngəzur…Demişəm ki, bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur”.

Prezidentimizin bu mesajı mənə dövlətimizin başçısının ötən il, Vətən müharibəsindən bir müddət əvvəl BMT kimi ali beynəlxalq təşkilatın və digər nüfuzlu qurumların tribunasından səsləndirdiyi xəbərdarlıq çağırışlarını xatırladır. Azərbaycan Prezidenti Ermənistanın siyasi-hərbi təxribatlarına o vaxt da dünyanın diqqətini çəkərək bildirirdi ki, bu təxribatlara son qoyulmasa, dünya birliyi Ermənistanı dayandırmasa və o, BMT qətnamələrinin icrasına məcbur edilməsə, Azərbaycanın məsələni təkbaşına həll etməkdən başqa çıxış yolu qalmayacaq. Nəticə məhz Prezidentimizin dediyi kimi də oldu. İndi Ermənistan minaladığı ərazilərin xəritəsini verməkdən imtina edir, Zəngəzur dəhlizinin açılması ilə bağlı 10 noyabr və 11 yanvar üçtərəfli Birgə bəyanatlarla üzərinə götürdüyü öhdəliyin icrasından yayınır, delimitasiya və demarkasiya işlərindən boyun qaçırır, nəhayət, qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması şərti ilə sülh müqaviləsini imzalamaqdan imtina edir. Artıq Qarabağ de-yure olduğu kimi, de-fakto da Azərbaycan ərazisidir. Beynəlxalq səviyyədə tanınan ərazimizə səfərdən müxtəlif səbəblər altında imtina faktı müharibə günlərində eyni ölkələrin BMT-də müəlliflik etdiyi beynəlxalq-hüquqa zidd olan başqa bir təşəbbüsünü də yada salır və həmin addımın təsadüfi olmadığı barədə düşünməyə əsas verir. O zaman Prezident İlham Əliyevin siyasi qətiyyəti və Qoşulmama Hərəkatına üzv dövlətlərin, qardaş və dost ölkələrin dəstəyi sayəsində qanunsuz təşəbbüs uğursuzluğa düçar oldu. Hazırda Azərbaycan Qoşulmama Hərəkatına sədrliyini davam etdirir və həmin müddətdə etibarlı tərəfdaş olduğunu sübut etdiyinə görə, ölkəmizin bu mötəbər təşkilata sədrliyi əlavə bir il də uzadılıb. Göstərilən etimadın özü də Ermənistana himayədarlıq missiyasını həyata keçirənlərə elə bir siyasi mesajdır ki, o, gözardı edilə bilməz…

Qarşıdan Qurban bayramı gəlir. Xalqımızın milli-mənəvi və dini dəyərlərinə bağlılığın, ehtiramın ifadəsi olaraq bu müqəddəs bayram hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunur. Qurban bayramı müsəlman dünyasının birlik, qardaşlıq və bərabərlik bayramı olmaqla yanaşı, həm də başqa dinlərin daşıyıcılarına hörmətin və tolerant münasibətin bir daha təsdiqini tapdığı müqəddəs günlərdir.

Təəssüf ki, ötən Ramazan bayramında hər zaman ədalətinə güvəndiyimiz və uzun illər demokratiyanın beşiyi hesab etdiyimiz ABŞ qondarma “erməni soyqırımını” tanıdı, NATO-da ən etibarlı tərəfdaşı olan qardaş Türkiyənin arxivlərdə ədalətlı araşdırma aparılması istəyini və tarixi ədaləti nəzərə almadı.

Bəlkə, Qurban bayramı günlərində ayrı-seçkilik kənara qoyuldu və cəmi 29 il əvvəl ermənilər tərəfindən Qarabağda həqiqətən törədilən Xocalı soyqırımının tanınması üçün siyasi cəsarət göstərildi. Çox inanmaq istərdim, amma … Bədgümanlıq üçün səbəb odur ki, Vətən müharibəsindən ötən son səkkiz ayda uydurma “erməni soyqırımını” tanıyan məlum vasitəçilər üçlüyündən heç biri ermənilərin Qarabağdakı məscidlərimizi təhqir və yerlə yeksan etməsinə bir dəfə də münasibət bildirməyib, insanlığa sığmayan bu vəhşiliyi törətmiş vandalları bir dəfə də qınamayıb. Allah kəsiləcək qurbanlarımızı qəbul etsin, milli birliyimizi, dini etiqadından asılı olmayaraq, qardaş və dost ölkələri qorusun! Bədgümanlığın səbəbi həm də odur ki, siyasi maraqlarını qorumaq naminə az-qala nüvə müharibəsinə çıxmağa hazır olan supergüclər bir-birini təhdid etdiyi halda, Şuşa səfərindən yayınmaqla yenə də Ermənistanın əlinə oynadılar.

Sanki, məqsədli şəkildə ona aşılayırlar ki, qondarma “erməni soyqırımı” tanındığı kimi, hansısa xəstə və sərsəm xülyalarının nə zamansa gercəkləşəcəyinə ümid edə bilər. Son günlər Şuşa istiqamətində ermənilər tərəfindən atəşkəsin pozulması həm də o deməkdir ki, 10 noyabr və 11 yanvar üçtərəfli Birgə bəyanatların təkbaşına qarantı kimi çıxış edən Rusiya rəsmiləri ya siyasi reputasiyalarını qoruyub öhdəliyini yerinə yetirməlidir, ya da Qərbin ona qarşı açdığı siyasi savaşın qarşısında əlində olan müvəqqəti siyasi dividendləri bir-bir itirməlidir.

Ermənistana səfərə hazırlaşan Makron Fransası isə, ölkəmizə qarşı artıq o qədər yanlışlara yol verib ki, onun bundan sonra nə edəcəyinin bizlər üçün elə bir anlamı olmamalıdır. Amma Ermənistan və himayədarları bilməlidirlər ki, Azərbaycan xalqı öz Vətəni və dövləti uğrunda hətta Qurban bayramı günlərində hər cür fədakarlığa, öz müstəqilliyi naminə istənilən qurbanı verməyə mənən hazırdır. Çünki, xalqımız Vətən müharibəsi günlərində milli qürurunun qorunması naminə hansı qurbanlara hazır olduğunu bir dəfə göstərib. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa, qazilərimizə uzun ömür versin.

Dünyada mövcud olan ayrı-seçkilik, ikili standartlar cəmiyyətimizə kifayət qədər məlumdur. Yaşadığımız postmünaqişə dövründə əsas yük diplomatlarımızla yanaşı, həm də azad fikir daşıyıcılarının, ölkə jurnalistlərinin üzərinə düşür. Qarşıdan gələn Milli Mətbuat və Jurnalistika Günü ilə bağlı bu camiyədə təmsil olunan, milli maraqlarımızın xidmətində dayanan qələm sahiblərini səmimi qəlbdən təbrik edirəm.

Milli-mənəvi dəyərlərimizin və ümumxalq maraqlarımızın keşiyində dayanan bütün qələm sahibləri haqq edir ki, böyük Azərbaycan ziyalısı Həsən bəy Zərdabinin davamçısı adına iddia edə bilsin. 30 ilə yaxın müddətdə milli qürurumuzun qorunması və tarixi ədalətin bərpası naminə keçdiyimiz yol göstərir ki, bu yol heç vaxt hamar olmayıb və onun kələ-kötürlüyünün səbəbkarı Ermənistanın öz başı deyil. Bütün bunlar həqiqətdir.

Yaşadığımız internet dövründə məlumatların əldə olunmasında və tirajlanmasında, təəssüf ki, söz və fikir azadlığına heç bir aidiyyəti olmayan şəxslər də iştirak edir. Ən ağrılısı odur ki, belələrinin bir çoxu hələ də demokratiya ilə anarxiyanın, həqiqətlə dar siyasi maraqların yerlərini səhv salır. Bundan yararlanan isə düşmən və ona himayədarlıq edənlərin media məkanıdır. Bu cür təşəbbüslərin qarşısını yalnız ölkə jurnalistikası, qardaş və dost ölkələrdə fəaliyyət göstərən söz xiridarları və qələm sahibləri ala bilər.

Prezident İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə yaradılmış Medianın İnkişaf Agentliyinin üzərinə həm də bu sahədə mövcud olan çatışmazlıqların aradan qaldırılması vəzifəsi düşür. Ölkəmizdə 5 mindən çox media subyekti mövcuddur. Ermənistanın himayədarları tərəfindən xaricdən davam etdirilən təzyiq fonunda Azərbaycanı ürəkdən təmsil edən hər kəs milli maraqlarımızın keşiyində dayanmağa borcludur.

Əgər o fikir və söz azadlığı milli maraqlarımızın qorunmasına xidmət etmirsə, hörmətli qələm sahiblərimiz özləri belələrini ifşa etməlidir və bədnam qonşularımızın əlinə uydurma fürsət verilməsinin qarşısını almalıdır. Bir daha ümumxalq maraqlarımızın keşiyində dayanan bütün qələm və söz sahiblərini qarşıdan gələn peşə bayramları münasibətilə təbrik edirəm. Azərbaycan əsgər və zabiti Vətən müharibəsində öz silahının gücünü və döyüş rəşadətini göstərdiyi kimi, Azərbaycanın qələm və söz sahibləri də qarşıdan gələn dövrdə üzərilərinə düşən ləyaqətli vəzifəni yerinə yetirməyə məsuldur.

Ermənistana gəldikdə isə, Prezident İlham Əliyev Xocasən qəsəbəsindəki çıxışında xəstə təxəyyüldən sağalmaq istəməyən bu qonşumuza da gərəkli olan mesajı verdi:

“Əgər kimsə, mən oradan-buradan eşidirəm, yenə də başlayıb ki, məsələ öz həllini tapmalıdır, bu münaqişə həll olunmayıb. Çox yanlış və təhlükəli yoldadırlar… Biz hesab edirik ki, bu, həll olunub, artıq müharibə dövrü arxada qalıb. Amma buna baxmayaraq, biz müharibəyə hər an hazırıq və hazır olmalıyıq”. Əgər Prezident İlham Əliyevin bu mesajından da düzgün nəticə çıxarmayacaqsa, bu, o demək olacaq ki, Ermənistanda xalqı daha ağır faciələrdən qorumaq istəyən bir nəfər də sağlam düşüncəli və reallığı dərk edən siyasətçi qalmayıb. Seçim onlarındır, monoetnikliyini nəzərə alıb, deyirəm ki, erməni millətinindir.

 

www.yenicag.az

443
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv