!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Seçim Ermənistanındır: Ya sülh və əməkdaşlıq, ya da “Dəmir yumruq” - Nahid Canbaxışlı yazır

!Reklam – Yazi

Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiyanın formalaşması müşahidə olunur. Bu, 2020-ci il sentyabrın 27-dən başlayaraq regionun siyasi coğrafiyasında baş verən dəyişikliklərlə bağlıdır.

Azərbaycanın öz ərazilərini Ermənistanın işğalından azad etmək üçün keçirdiyi hərbi əməliyyatlar bölgədə qüvvələr nisbətini yenidən müəyyən edib. Yəni 30 ilə yaxın davam edən status-kvonun 44 günlük Vətən müharibəsindən sonra aradan qalxması Cənubi Qafqazda yeni güc mərkəzlərinin meydana çıxmasına, klassik aktorların isə yerdəyişməsinə səbəb olub. Son iki ildə yeni güc mərkəzinə çevrilən Azərbaycan-Türkiyə ittifaqının bölgədəki proseslərə təsiri açıq hiss olunur.

Rusiyanın Yaxın Şərqdə olduğu kimi, Cənubi Qafqazda da Türkiyə olaraq siyasi və hərbi maraqlar kontekstindən çıxış etməsi Azərbaycana yönələ biləcək təzyiqləri neytrallaşdırır. Xüsusilə də Ukraynadakı müharibə fonunda Qərbin ciddi təzyiqləri ilə üzləşən Rusiyanın Türkiyə kimi güclü, regional “oyunçu”nun dəstəyinə ehtiyacı var. NATO-nun üzvü olan Türkiyənin hazırda Rusiya və Qərb koalisiyası arasında yeganə vasitəçi olması Kreml üçün həm siyasi, həm də iqtisadi baxımdan “nəfəslik” rolunu oynayır. Ona görə də Ankara ilə qarşıdurmaya getmək istəməyən Moskva Ermənistanla müqayisədə Azərbaycanın maraqlarını nəzərə almağa üstünlük verir. Eyni zamanda, Azərbaycanın hər iki ölkə ilə müttəfiqlik münasibətlərinə malik olması rəsmi Bakını yeni geosiyasi şərtləri diqtə edən tərəfə çevirir. Bu baxımdan, 44 günlük müharibənin yaratdığı yeni geosiyasi əməkdaşlıq modelini “Azərbaycan-Türkiyə ittifaqı+ Rusiya” formulu adlandırmaq olar. Rəsmi Moskvanın işğal dövründə Ermənistanla mövcud olan strateji müttəfiqlik münasibətlərindən imtina etməsi Rusiyanın güc mərkəzi kimi yerini dəyişdiyini təsdiq edir.

Əgər işğal dövründə ATƏT-in Minsk Qrupuna həmsdərlik edən Rusiya, ABŞ və Fransa bir-birinin maraqlarını balanslı şəkildə nəzərə almaqla status-kvonun qalmasına çalışırdısa, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi bu situasiyanı aradan qaldırıb. Bölgədə qüvvələr nisbətinin dəyişməsi də öz növbəsində, Azərbaycanın mövqeyini gücləndirir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin prinsipləri Prezidenti İlham Əliyevin müəllifi olduğu “Prezident-Ordu-Xalq” strategiyasına əsaslanır. Rəmzi olaraq “Dəmir yumruq” adlandırılan bu formul Azərbaycanın xarici və daxli siyasətinin ən vacib elementlərini özündə birləşdirir. Dövlət başçısının xalqın dəstəyinə əsaslanan yüksək siyasi iradəsi, fəal diplomatiya ilə paralel müasir ordu quruculuğu, Azərbaycanın ərazi bütövlüyünün ümumilli məsələ kimi dəstəklənməsi Cənab İlham Əliyevin İkinci Qarabağ müharibəsində həyata keçirdiyi strategiyanın əsasında dayanır. Problemin həllinə Azərbaycan Prezidentinin geniş konseptual yanaşma nümayiş etdirməsi həm 44 günlük müharibə zamanı, həm də ondan sonrakı danışıqlar prosesində öz müsbət nəticəsini göstərdi.

İlk növbədə, İşğal faktının aradan qalxması ilə Azərbaycan tarixi torpaqlarının yurusdikiyasına qaytarmağa və dövlət sərhədlərinin bərpasına nail olub. Bununla da Azərbaycanın ərazi bütövlüyü təmin edilib.

İkincisi, 30 illik fasilədən sonra azərbaycanlı məcburi köçkünlər reinteqrasiya prosesi çərçivəsində öz ərazilərinə qayıtmağa başlayıb.

Üçüncüsü, Azərbaycan Prezidentinin strateji qəələbəsi Qarabağda yaşayan mülki erməni sakinlərə öz müqəddaratını təyinetmə hüququ əsasında siyasi status verilməsi ilə bağlı işğalın rəsmiləşdirilməsinə xidmət edən illuziyalara da son qoydu. Artıq yalnız Azərbaycanda deyil, dünyanın bütün ölkələrində yaşayan ermənilər Qarabağda separatçılara heç bir status verilməyəcəyinin fərqindədir.

Eləcə də Ermənistanla aparılan danışıqlarda “Dağlıq Qarabağ” ifadəsinin işlənilməməsi Prezident İlham Əliyevin diplomatik qələbəsinin nəticəsidir. Dövlət başçısının “Ermənilərə heç bir status verilməyəcək” və “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur” fikri beynəlxalq müstəvidə siyasi aksiom kimi qəbul olunub. Hətta Ermənistan belə, bu tələblə barışmalı olduğunu etiraf edir.

Prezident İlham Əliyevin regionda yaratdığı növbəti yeni reallıq işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın suverenliyini bəpra etməklə yanaşı, Rusiya İmperiyası və SSRİ dövründə qanunsuz olaraq Ermənistana verilmiş tarixi torpaqları üzərində geosiyasi nüfuzunu bərpa etməkdən ibarətdir. Son yüz ildə Azərbaycanın Şərqi Zəngəzur, Qərbi Zəngəzur vilayətlərinin, Göyçə mahalının ermənilər tərəfindən qəsb edilməsi beynəlxalq hüququn prinsiplərinin pozulması faktı kimi həmin strategiyada yer alıb. Bu baxımdan, Azərbaycan dövlətinin irəli sürdüyü strategiya Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin aparılması zamanı mənimsənilmiş tarixi ərazilərin milli təhlükəsizlik məsələsi kimi qoyulmasını nəzərdə tutur.

Nəhayət, Azərbaycan dövləti sülh, ikitərəfli və regional əməkdaşlıq platformasını sabitliyin dayanıqlı əsası kimi təklif edir. Bu isə ərazi bütövlüyünün tanınması, sərhədlərin toxunulmazlığı, diplomatik və ticari əlaqələrin bərpası və kommunikasiyaların açılmasını özündə ehtiva edir. Azərbaycanın Ermənistana təqdim etdiyi sülh gündəliyi müasir çağırışlardan irəli gələn bu prinsiplərə söykənir. Seçim isə Ermənistanındır: Ya sülh və əməkdaşlıq platforması, ya da “Dəmir yumruq!”.

www.yenicag.az

227
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv