!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Seçki marafonu qızışır: Bu partiya sədrləri isə seçkiyə getmirlər – YAP-ın namizədi niyə dəyişdi?

!Reklam – Yazi

Milli Məclisə seçkilərin keçirilməsi fonunda ölkənin hakim və bir sıra müxalifət partiyaları artıq seçki marafonuna qoşulub.

Parlamentdə mandat əldə etmək uğrunda mübarizə aparan siyasilərlə yanaşı, builki seçkilərdə sıravi şəxslər də öz şansını yoxlamaq qərarına gəlib.

Bununla bağlı Yenicag.az-ın seçki marafonu ilə əlaqədar apardığı qısa araşdırmanı təqdim edirik:

Bu il seçkilərdə mandat əldə etmək istəyən şəxslərdən biri də bloger Elçin Lənbəranskidir. Belə ki, o, 98 saylı Bərdə-Tərtər seçki dairəsindən namizədliyini irəli sürüb.

Qeyd edək ki, o, eks-deputat, Yeni Azərbaycan Partiyasının namizədi Xanlar Fətiyevlə mübarizə aparacaq.

YAP-dan söz düşmüşkən, hakim partiya da ötən gün deputatlığa namizədlər siyahısında dəyişiklik edilib.

YAP İdarə Heyətinin qərarı ilə namizədliyi 12 saylı Xəzər birinci seçki dairəsindən irəli sürülən Maniyeva Aygün Şaitdin qızının adı siyahıdan çıxarılıb. Bildirilib ki, YAP-ı bu dairədə Piriyeva Pərvanə Əlövsət qızı təmsil edəcək.

Məlumata görə, Maniyeva Aygün Şaitdin qızının namizədliyindən imtina olunması onun atası, Milli Məclisin keçmiş deputatı Şaitdin Əliyevin Mərkəzi Seçki Komissiyasının üzvü olması ilə əlaqədardır.

Seçkilərə hazırlıq fonunda ölkə müxalifəti də artıq bununla bağlı xüsusi canfəşanlıq göstərməyə start verib. Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə yerli media ilə söhbətində bildirib ki, seçkidə hamı kimi, o və partiyası da fəal iştirak edəcək. Onun sözlərinə görə, bu proses normal, açıq, demokratik keçirilməlidir ki, onların da istəyi budur.

Qeyd edək ki, Asim Mollazadə özünün namizədliyini 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsindən irəli sürüb. Bu dairədən digər namizədlər isə REAL Partiyasının sədri İlqar Məmmədov və YAP üzvü Xaliq Hüseynovdur.

Sabiq baş prokuror, Ədalət Partiyasının sədri İlyas İsmayılov isə builki seçkilərə qatılmaq niyyətinin olmadığını bəyan edib.

“Qəti olaraq prosesdə yer almaq istəmirəm. Amma Ədalət Partiyası sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək”, – o, söyləyib.

Vəhdət Partiyasının sədri Tahir Kərimli də növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyini vurğulayıb.

Partiyanın təşkilat məsələləri üzrə sədr müavini Fəxrəddin Ağazadə bildirib ki, T. Kərimli yorulduğu və istirahətə ehtiyacı olduğu üçün builki seçkilərdə iştirak etməyəcək.

VI çağırış Milli Məclisin bitərəf deputatı Jalə Əhmədova da sentyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak etməyəcək.

Qeyd edək ki, Jalə Əhmədova Dünya Alpaqut Federasiyasının və Azərbaycan Autizm Assosiasiyasının Prezidentidir.

Parlamentdə bitərəf deputat kimi təmsil olunmaq istəyən politoloq Əziz Əlibəyli isə 104 saylı Gədəbəy seçki dairəsindən namizədliyini irəli sürüb.

Siyasi sosial şəbəkə hesabındakı paylaşımında bununla bağlı bildirib ki, cənab Prezident İlham Əliyevin gənclərə yaratdığı şəraitdən istifadə edərək, namizədliyini irəli sürməyə qərar verib.

Xatırladaq ki, Ə. Əlibəyli həmin dairədən YAP-ın namizədi Sevinc Hüseynova ilə mübarizə aparacaq.

Tanınmış endokrinoloq Jalə Oqtayzadə də builki seçkilərdə mandat əldə etmək niyyətindədir. Belə ki, o, 122 saylı Xankəndi seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Onun sözügedən dairədən rəqibi isə YAP-ın namizədi Aqil Məmmədovdur.

Bundan əlavə, 5 dəfə Milli Məclisin deputatı, parlamentin Elm və təhsil komitəsinin sədri olmuş Bəxtiyar Əliyev isə namizədliyini 119 saylı saylı seçki dairəsindən irəli sürüb.

Xatırladaq ki, adıçəkilən seçki dairəsindən tanınmış politoloq Elxan Şahinoğlu, hakim partiyadan isə İbrahim Məmmədov deputatlığa namizəddir.

Mövzunu davam etdirəcəyik…

Rafi Müslümov

COP29

www.yenicag.az

347
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv