Səhəri bərkit, günortanı ləngit, axşamı tərgit!
Bu gün Ümumdünya Piylənmə Günüdür. Amma gəlin etiraf edək: bizim üçün hər gün o məşhur “pəhrizə sabah başlayıram” günüdür. Əslində, tərəziyə çıxanda gördüyümüz o rəqəmlər bədənimizin ağırlığı deyil, daha çox iradəmizin və yorğun beynimizin “çəkisidir”. Görəsən, biz həqiqətən o artıq çəki ilə mübarizə aparırıq, yoxsa hər gecə bizə “bir tikədən bir şey olmaz” deyən öz beynimizlə?
Bizim cəmiyyətdə peşəkar tərəziyə, analizə ehtiyac yoxdur, çünki addımbaşı rastlaşdığımız “Xalq Tərəzisi” var. Küçədə dostunu, qonşunu görən kimi salamdan əvvəl gələn o “vuran” cümlələr: “Aaa, nə yaman arıqlamısan, xəstəsən?” yaxud “Aaa, bir az kökəlmisən sanki, özünə baxmırsan?”. Elə bil hamı gözü ilə kalori hesablayır, hamı endokrinoloqdur. Bu sözlər beynimizə yeridiyi an, o böyük ümidlərlə qurulan pəhriz planları ya alt-üst olur, ya da özümüzə qəsd etdiyimiz o kor-koranə aclıq marafonu başlayır. Amma unuduruq ki, arıqlamaq kiməsə xoş görünmək üçün qaçdığımız vizual bir yarış deyil, öz daxili sağlamlığımızı bərpa etməkdir.
Ən böyük səhvimiz özümüzü cəzalandırmaqdır. “Sabahdan yeməyi kəsirəm” demək bədənə “müharibə elan edirəm” deməkdir. Halbuki bədənimiz bizim düşmənimiz deyil, ən sadiq dostumuzdur. Əgər nə qədər iradə nümayiş etdirsən də, o çəki getmirsə, deməli, bədənin sənə nəsə pıçıldayır. Bəlkə insulinin sənə oyun açır? Bəlkə qalxanvari vəzin “yorulub”, dincəlmək istəyir? Bəlkə bədəndə hansısa gizli iltihab gedir, bəlkə ciddi bir vitamin çatışmazlığı var?
Qonşu Fatma xalanın pəhriz siyahısı sənə dərman deyil, zəhər ola bilər. Ona görə də, ilk addım idman zalında tərləmək yox, mütəxəssisin yanında daxili kimyanı öyrənməkdir. Maşının mühərriki tüstüləyirsə, onun təkərini parlatmağın nə xeyri var? İnsan bədəni də belədir; daxili nizamı düzəltmədən görünüşü dəyişmək müvəqqəti bir illüziyadır.
Nənələrimiz necə deyirdi?
“Səhəri bərkit, günortanı ləngit, axşamı tərgit!”
Bax, bütün sirr bu səmimiyyətdədir. Onlar bunu deyəndə təkcə xörəyin miqdarından danışmırdılar, onlar kainatın və həyatın nizamından bəhs edirdilər. Biz isə o nizamı itirdik. İndi gün boyu özümüzü unuduruq, qaçhaqaçda ruhumuzu ac qoyuruq, axşam isə bütün günün qisasını soyuducudan alırıq. Bütün dünyanın yorğunluğunu süfrəyə yığırıq. Nəticədə bədən yox, məhz o gecə saatlarında bizə qalib gələn beynimiz olur. Anlamırıq ki, bədənimiz ac deyil əslində, içimizdəki o “mən” ac qalır deyə yeyirik. Amma unutma: heç bir ləzzətli təam, heç bir şirniyyat ürəkdəki o boşluğu doldura bilməz!
Nənənin məsləhəti, həkimin elmi və sənin özünə olan o böyük sevgin… Bax, əsl “sağlamlıq manifesti” budur. Özünü hər halınla sev, amma o ilk qapını mütəxəssis qapısını döyməyi də yubanma. Çünki sən özünə lazımsan!
Məsimə Məmmədova













