Azərbaycan və Ermənistan prezidentlərinin dünən İsveçrənin Cenevrə şəhərində baş tutmuş görüşü də statistik xarakter daşıdı.
Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyanın daha bir görüşü “Qarabağ salnaməsi”nə əlavə olundu.
Ötən gün Cenevrədə bir araya gələn prezidentlərin açıq havada apardıqları müzakirələrin detalları təbii ki, məlum deyil.
Ancaq bu danışıqlardan əvvəl Azərbaycan, Ermənistan, hətta Rusiya ekspertlərinin də verdikləri bədbin proqnozlar bu görüşün də nəticəsi barədə təsəvvür yaradırdı.
Əslində, prezidentlərin dünənki görüşündə hər hansı ciddi nəticənin olmayacağını təxmin etmək üçün ekspert rəylərinə baxmağa ehtiyac da yoxdur.
ATƏT-in Minsk qrupunun fəaliyyətə başlamasından 25, Bişkək protokolunun imzalanmasından isə 23 il keçib.
Bu müddətdə prezidentlər və xarici işlər nazirlərinin təkbətək, yaxud da beynəlxalq vasitəçilərin iştirakı ilə keçirtdikləri görüşlərin sayını dəqiqləşdirmək xeyli vaxt aparar.
Nəticə və o cümlədən də Qarabağ münaqişəsinin dinc vasitələrlə həllinə ümid yoxdur. Bu aksiomu – danışıqların faydasızlığını Bakıda da, İrəvanda da başa düşürlər.
Lakin münaqişənin həllini öz inhisarında saxlayan “Minsk triosu” – Rusiya, ABŞ və Fransa mövcud status-kvonun dəyişməsini, Ermənistanın küncə sıxılmasını istəmirlər.
Adını “Böyük dövlətlərin marağı”, “Xristian təəssübkeşliyi”, “İslam düşmənçiliyi” – nə qoyursuz-qoyun, vəziyyət budur.
Cenevrə danışıqlarından sonra İsveçrədəki erməni diasporunun nümayəndələri ilə görüşən Sərkisyanın açıqlaması bu müzakirələrin puçluğunu ən çılpaq formada təsdiqlədi.
Adam erməni həyasızlığı ilə bildirib ki, İrəvan üçün yeganə qərar Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmamasıdır:
“Ermənistanın heç bir rəhbəri heç vaxt belə qərar qəbul edə və onu həyata keçirdə bilməz”.
Bu bəyanatdan sonra Qarabağın danışıqlar yolu ilə işğaldan azad olunmasının mümkünlüyünü iddia etmək axmaqlığın son həddidir.
Cenevrə görüşünün qətiləşdirdiyi tək qənaət var: savaş qaçılmazdır və Azərbaycan bu addımı bir an öncə atmalıdır.
Əks halda, salındığı diplomatik bataqlıq Qarabağla birlikdə Azərbaycanı da “udacaq”.
Bunumu istəyirik? Məncə… bizcə… YOX!
A. Zeynalov
www.yenicag.az