“Sepah” Ruhanini niyə hədəf seçdi? - İranda “Post-Xamenei” mübarizəsi qızışır
Yenicag.az xəbər verir ki, “Sepah”ın əsas media qurumlarından biri olan “Tasnim” agentliyi, Ruhaninin son çıxışına və müharibənin təkrarlanmaması üçün irəli sürdüyü tövsiyələrə kəskin etiraz edib.
Bu media hücumu ilə eyni vaxtda diqqətçəkən siyasi siqnallar da ortaya çıxıb. Belə ki, Ali Xameneidən sonra mümkün varis barədə gedən müzakirələrdə Ruhaninin adı yenidən ön plana çıxıb. Bu arada, ölkənin daxili mənzərəsi daha da gərginləşib və “xəlifəlik dövrü” məsələsi daha sərt qarşıdurma mərhələsinə daxil olub.
Agentlik həftəlik əlavəsində mühüm inkişafların təhlilinə həsr olunmuş yazısına “İsrailin xeyrinə işləmək” başlığını qoyub və üz qabığında Ruhaninin şəklini yerləşdirib. Agentlik onu, əvvəlki vəzifələri dövründə diplomatiya vasitəsilə İrana qarşı müharibənin qarşısını aldığı iddiası ilə bağlı “eqoist və təkəbbür dolu şərhlər verməkdə” ittiham edib. Həmçinin, soruşub: “Ruhani iddia edir ki, onun apardığı danışıqlardan başqa heç bir amil müharibəni dayandıra bilməzdi. ABŞ və İsrail o vaxt bütün gücü ilə hazır vəziyyətdə idi və guya İranın heç bir qarşıdurma qabiliyyəti yox idi? Yalnız o, özünün ‘”sokratik və aristotelçi” məntiqi ilə böyük bir müharibənin qarşısını almışdı?
Agentlik əlavə edib: “Bəs Trampın nüvə anlaşmasından çıxması nə idi, guya Ruhaninin danışıqlar aparmaması ucbatından mı? Bəs hücumların qarşısı alınmadığı hallar necə oldu? Niyə Qasim Süleymaninin qətlinin qarşısını almadı? Niyə Möhsün Fəxrizadənin qətlini dayandıra bilmədi?” (Nüvə proqramının müdafiə sahəsi üzrə keçmiş məsulu olan Fəxrizadə 2020-ci ilin noyabrında İsrail tərəfindən törədildiyi iddia olunan sui-qəsddə silahlı şəxslər tərəfindən qətlə yetirilib. – red.)
Qeyd edək ki, Ruhani keçən həftə sərt təhlükəsizlik ab-havasının yaradılmasını tənqid edərək ölkənin “təhlükəsizliklə doldurulmuş mühitə yox, təhlükəsiz mühitə ehtiyacı var” demişdi. O, İranın “nə müharibə, nə də sülh” vəziyyətində qalmasının təhlükəli olduğunu vurğulayıb və Ali Xameneinin sözlərinə istinad etmişdi. Həmçinin, əlavə etmişdi ki, Təhlükəsizlik insanların inamını və arxayınlığını yaradır, amma həddindən artıq təhlükəsizləşdirmə (təhlükə adı ilə hər şeyi sıxmaq) inamı məhv edir və xalqda narahatlıq doğurur. Biz təhlükəsizlik mühiti yox, təhlükəsiz mühit istəyirik.
Ruhaninin sözlərinə görə, “rəhbərliyə edilə biləcək ən pis xəyanət gerçəkləri kiçiltmək və ya onları şişirtməkdir”. O, “güclü və təhlükəli düşmənlərin2 mövcudluğunu vurğulayıb və “12 günlük müharibədən sonra bütün problemlərin bitdiyini düşünməkdən” çəkindirib. O, deyib: “Biz dayandıq və müqavimət göstərdik, amma eyni zamanda zərbələr də aldıq və çətinliklərlə üzləşdik. Əlbəttə, biz də düşmənə zərbələr endirdik. Amma bu, bunun təkrarlanmayacağı demək deyil. Bunun qarşısını almaq bizdən asılıdır”.
“Təsnim” isə Ruhaninin mövqeyini tənqid edərək bildirib ki, onun sözləri “praktik olaraq İsrailin xeyrinədir, çünki düşməni təmizə çıxarır, məsuliyyəti isə ölkənin daxilinə yükləyir və İsraili ittiham dairəsindən kənara çıxaran məntiq təqdim edir”. Agentlik iddia edib ki, Ruhaninin sözləri “müqəddəs birliyin əleyhinə siyasi əməliyyat təşkil edir və zahirən realist və ölkəni düşünən kimi təqdim olunsa da, əslində İsrailin maraqlarına xidmət edir”.
Agentlik bildirib ki, Ruhaninin regional gücü qorumaq haqqında dedikləri “doğrudur, amma bu fikir onun tərəfindən gülməli görünür. Əgər buna inanırdısa, onda hökumətinin 2013-2014-cü illərdə Suriyadakı böhranın həlli üçün fəal dəstək göstərməməsi ciddi bir laqeydlik deyilmi? Bu, xəyanətə bənzəmir?”
“Təsnim” yazır ki, general Qasim Süleymaninin Ruhaninin hökumətinin Suriya məsələsində əməkdaşlıq etməməsi ilə bağlı böyük narazılıqları olub və o, bəzən iclaslardan ağlayaraq çıxırmış. Nəhayət, rəhbər müdaxilə edib sabitləşməyi əmr edənə qədər.
Ruhaninin “təhlükəsizləşdirmə” məsələsi ilə bağlı dediklərinə cavab olaraq agentlik bildirib ki, “bu işin ən yaxşı biləni özü deyil? Onun hökuməti, ən təhlükəsizlik yönümlü hökumətlərdən biri deyilmi? Yeganə “təhlükəsizlik sahəsinə aid olmayan” nazir də kəşfiyyat naziri idi”.
Agentlik Ruhaninin keçmişdəki təhlükəsizlikçi roluna diqqət çəkərək əlavə edib ki, “təhlükəsizlik sahəsində təcrübə sahibi olmamaq qüsur deyil, amma Ruhaninin indiki nəsihət tərzi ilə ziddiyyət təşkil edir”.
Həmçinin, agentlik Ruhaninin açıqlamalarını 27 noyabr tarixində Ali Xameneinin televiziya çıxışına cavab kimi qiymətləndirib. Xamenei çıxışında daxili parçalanma təhlükəsinə işarə edib və ABŞ ilə İsrailin “müharibədə məqsədlərinə çata bilmədiklərini” vurğulayıb. O, iranlıları “milli birliyimizi” qorumağa çağırıb və qeyd edib: “Cərəyanlar və qruplar arasında fikir ayrılığı ola bilər, amma əsas odur ki, hamı düşmən qarşısında bir yerdə dayansın.”
Ruhani isə prezidentliyi dövründə (2013–2021) dəfələrlə, rəhbərin ətrafından aldığı məlumatların dəqiqliyi ilə bağlı şübhələrini bildirib.
Son beş ayda Ruhani bəzi rəqiblərinin o cümlədən parlament üzvlərinin ittihamları ilə üzləşib. Onlar iddia ediblər ki, Ruhani, Xamenei hər hansı səbəbdən vəzifəsini icra edə bilməsə, onun yerinə keçmək niyyətindədir o cümlədən İsrail tərəfindən sui-qəsd ehtimalı halında.
Keçən ay parlament sədri Məhəmməd Baqir Qalibaf da sərt çıxış edərək, Ruhanini və onun xarici işlər naziri Məhəmməd Cavad Zərifi “Moskva ilə strateji münasibətlərə zərər vurmaqda” günahlandırıb. Deputatlar parlamentdə Ruhaninin ailə soyadına işarə edərək “Fəriduna ölüm!” şüarı belə səsləndiriblər.
Sərt xətt tərəfdarı deputat Əmir Hüseyn Sabiti isə deyib: “Ümid edirəm, məhkəmə hakimiyyəti Həsən Ruhaninin sui-istifadə halları ilə məşğul olacaq ki, yüksək vəzifələr haqqında düşünən hər kəs öz “yerinin’” həbsxananın arxası olduğunu bilsin”.
Ruhaninin son açıqlamalarından sonra, onun rəhbər postuna mümkün namizədliyi məsələsi bu dəfə islahatçı mediada da yenidən gündəmə gəlib. İslahatçı nəzəriyyəçi Sadiq Zibakəlam “Rəhbərin varisliyi məsələsi tədricən ortaya çıxanda, Ruhani öz prezidentliyi dövründə düşünürdü ki, mən bu məsələ üçün adı çəkilən digər şəxslərdən nə ilə geri qalıram? Mənim nəyim çatışmır? Məncə, Ruhani haqlıdır, onun icra təcrübəsi digərlərindən daha çoxdur”, deyib.
Bu islahatçı marağın paralelində iş adamı Babək Zəncani “X” platformasında sərt bir açıqlama yayaraq Ruhaninin gələcəkdə hər hansı siyasi rola qayıtması ehtimalına hücum edib və demişdi ki, İran “gənc, savadlı və təsirli gücə” ehtiyac duyur, “saxta diplomlu şəxslərə yox”. O yazmışdı: “Bu arzularını özləri ilə qəbrə aparacaqlar… Biz İranı acizlikdən və bacarıqsız rəhbərlərdən təmizləyəcəyik.”
Zəncani xəbərdarlıq edərək deyib ki, “Döyüş anında sıradan çıxan silahı, yenidən belinizə bağlayıb döyüşə davam etsəniz, ölümə layiqsiniz!”
Qeyd edək ki, Zəncani Ruhaninin dövründə iqtisadi korrupsiya ittihamı ilə həbs edilib və bu yaxınlarda azadlığa çıxıb. O da “Sepah”la yaxın əlaqələrə malikdir.

DAK-ın Avropa təmsilçisi Əli Hacı, “Sepah”ın Ruhanini vurmasının arxasında yatan səbəbləri barədə Yenicag.az-a bildirib ki, “Ruhani, digər alternativlərlə müqayisədə potensial liderlik xüsusiyyətlərinə malikdir. O, siyasi müstəvidə daha çox müzakirə və müzakirəyə açıq bir anlayışa sahibdir. Bu, onu digərləriylə müqayisədə daha cəlbedici edir”.
Əli Hacı, Ruhaninin, Xamenei ilə müqayisədə daha gənc və dinamik bir liderlik stilinə sahib olduğunu vurğulayaraq dedi: “Ruhani, o qədər gənc olmasa da, yeni nəsil və müasir dövrün tələblərinə uyğun gələn bir liderdir. Onun rəhbərliyi altında, cəmiyyətin məsuliyyətli bir hissəsi ilə daha yaxşı bağlar qura biləcəyi düşünülür”.
Onun sözlərinə görə, Ruhaninin liderlik potensialı, ölkənin daxili və beynəlxalq məsələlərində daha fəal və innovativ yanaşmalar ortaya qoymasına imkan tanıyır.
Amir Aqiloğlu












