“Növbətri tələb Rusiya sülhməramlıların Qarabağdan çıxarılması olacaq”.
Yenicag.az xəbər verir ki, bunu Qarabağda “xalq hərəkatı”na başladığını elan edən “dövlət naziri” Qurgen Nersisyan çıxışı zamanı deyib.
O bildirib ki, Rusiya sülhməramlıları ermənilərin tələbini yerinə yetirməyə qadir deyil.
“Rus sülhməramlıları öz ehtiyaclarını vertolyotla təmin edir. Nikol Paşinyan və onun hökumətinin nümayəndələri hər gün maşınlarına yanacaq doldurur, restoranlarda şənliklərdə iştirak edir, yeyib-içirlər, bizim uşaqlar isə ac yatırlar.
Mən faktiki olaraq Rusiya sülhməramlılarının komandiri Aleksandr Lentsovdan Ermənistanı birləşdirən yolu açmaq üçün sülhməramlılara güc tətbiq etməyi əmr etməyi tələb etdim. Amma Lentsovun Azərbaycana müharibə elan etmək üçün rəsmi səlahiyyəti yoxdur. O, yalnız sülhməramlıların komandiri olduğunu və tabeliyində olanların xidmətinin təşkili ilə məşğul olduğunu bəyan etdi, “qalanları siyasi məsələlərdir və siyasi müstəvidə həll edilməlidir” dedi.
Artsax hakimiyyəti Ermənistan hakimiyyətinə, bəyanatı imzalayan üçüncü tərəf kimi Nikol Paşinyana müraciət edərək Rusiyanın prezident Vladimir Putin qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi məsələsini qaldırmalıdır. Paşinyan Putinlə müntəzəm görüşləri və telefon danışıqları olduğunu deyir.
Ola bilsin ki, Lentsov hesabat verir, ona deyirlər ki, bu, sənin problemin deyil, sən öz xidmətini yerinə yetirirsən, qalanlarla işin yoxdur”, – Nersisyan deyib.
Daha sonra o, sülhməramlıların çıxarılması məsələsini məqsəd kimi qarşılarına qoyacaqlarını vurğulayıb.
“İndi gələk ən vacib suala. rus sülhməramlıları erməni xalqının tələbinə heç bir şəkildə cavab verməsələr və Laçın dəhlizini açmasalar nə olacaq? Rusiya sülhməramlıları öz əsas missiyasını – Artsax xalqının təhlükəsizliyini təmin etməyi yerinə yetirmirlər. Və əgər onlar öz öhdəliyini yerinə yetirmirlərsə, Qarabağda olmalarının mənası nədir? Yalnız öz qoşunlarına vertolyotlarla yemək gətirirlər, özləri yeyib-içirlər, maaş alırlar, artsaxlılar da acından öləcək.
Yaxın günlərdə keçirilən mitinqlərdə növbəti tələbimiz Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması ola bilər. Çünki onsuz da onlardan heç bir fayda yoxdur. Əgər onlar getsələr, onları ətrafdakı minlərlə uşağın qidasız və ya ac olduğunu bilə-bilə özləri yeməyən daha humanist sülhməramlılar gələ bilər.
Azərbaycan və Ermənistan hakimiyyətlərinin iki il yarımdır ki, Qarabağıı Rusiyanın varlığından azad etməyə çalışdıqları, Qarabağ xalqının dəstəyi və fəal iştirakı ilə reallaşa bilər.
“Qafqaz əsiri” filminin qəhrəmanının dediyi kimi. “Bizə mane olan, bizə də kömək edəcək”. Sizə güvənməyən, dəstəyinizi rədd edən cəmiyyətin təhlükəsizliyini təmin etmək mümkün deyil.
Ruslar Qarabağı mənəvi cəhətdən alçaldılmış şəkildə tərk edəcəklər. Kimsə niyə getdilər və ya çıxarıldıqlarını soruşduqda, ən yumşaq cavab belə səslənəcək: özləri yemək yeyib, uşaqlarımızı ac qoydular”, – Nersisyan deyib.
Məsimə
www.yenicag.az