“Onlar bu yolla məsələni nüfuzlu təşkilatların gündəminə çıxarılmasına nail olmaq istəyirlər”.
Bu fikirləri dünən Ermənistanda baş verən nümayişlərdə Laçın yolunun güc tətbiq edərək açılmasına dair çağırışları və mövcud gedişatı şərh edən siyasi ekspert Vüqar Əhmədov Yenicag.az-a açıqlamasında bildirib.
O həmçinin qeyd edib ki, hazırda Laçın yolunda mülki ermənilər tərəfindən müəyyən təxribatlara əl atıla bilər:
“Dünən Ermənistandakı nümayişlərdə baş verən toqquşmalarda keçmiş hərbiçilərin də iştirakı gözə dəyirdi. Böyük ehtimalla köhnə hakimiyyətə bağlı qüvvələr mitinqlərdə yer alırdı və təxribata cəhd edirdilər. Bununla yanaşı, xaricdə erməni diasporu da Laçın yolunun bağlı olmasını dünya ictimaiyyəti qarşısında özlərinəməxsus şəkildə qabartmağa çalışırlar. Onlar bu yolla məsələni nüfuzlu təşkilatların gündəminə çıxarılmasına nail olmaq istəyirlər. Açığı etiraf etmək lazımdır ki, onların təbliğat maşını ciddi şəkildə işə düşüb və nələrəsə nail ola biliblər. Qərb cəmiyyətinin hisslərinə təsir etməyə çalışırlar. Eyni zamanda Ermənistanın özündə də dünyanı inandırmaq məqsədilə işlər aparılır. Ümumiyyətlə, müharibədən sonrakı dövr ərzində bu tipli hadisələr kifayət qədər yaşanır.
Həmçinin sərhəddə mülki ermənilər tərəfindən hər hansısa təxribatlara da əl atıla bilər. Əlbəttə ki, genişmiqyaslı olmasa da, lokal xarakterli qarşıdurmaların yaşanma ehtimalı da çoxdur. A.Poqosyanın dünən nümayişdəki çıxışı da sülhməramlılara bir növ xəbərdarlıq kimidir. Növbəti gün təxribat da olduğu təqdirdə hadisələrdə təqsirkar kimi sülhməramlılar görülsün”.
Yusif Səmədzadə
www.yenicag.az