“Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulmasının əsas əhəmiyyəti ondan ibarətdir ki, artıq sərhədlərimizi bərpa etmişik”.
Bu fikri Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulmasını dəyərləndirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında səsləndirib.
Rövşən Məhərrəmov bildirib ki, sərhəd-buraxılış məntəqəsinin qurulması qələbəyə bərabərdir:
“Təxminən 2 ay öncə saytınıza verdiyim açıqlamada Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsinin qurulacağını demişdik.
Ermənistan öz məqsədləri üçün Laçın dəhlizindən istifadə edirdi. Silah daşıyırdılar, hərbçilər gətirirdilər. Bunun qarşısını almaq üçün Azərbaycan ordusu strateji yüksəklikləri ələ keçirdi.
Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması böyük qələbədir. Artıq Qarabağa girən və çıxan hər kəs və avtomobillər yoxlanılacaq. Nəzarət çox ciddi olacaq.
Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi də bəyanat verdi. Bəyanatda açıq şəkildə bildirildi ki, Azərbaycan üçtərəfli sazişə əməl edir. İnanıram ki, yaxın zamanda sülməramlıların müvəqqəti nəzarəti altındakı ərazilərdə də bayraqlarımızı sancacağıq. Qarabağda da nəzarəti bərpa edəcəyik. Artıq Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası prosesi qalıb. Hesab edirəm ki, qısa zamanda o da baş verəcək”.
Səxavət Məmməd
www.yenicag.az