“7296 müəllimdən yarıdan çoxu – 3909-nun minimal balı belə keçə bilməməsi və ən aşağı hədd müstəvisini aşa bilməməsi həqiqətən də üzücü bir göstərcidir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında müəllimlərin təkrar sertifikasiya müsaqibəsindən yarıdan çox müəllimin minimal balı toplaya bilməməsi haqda danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib.
Onun sözlərinə görə, pessimist, ən tənqidi şəxslər belə nəticənin bu qədər acınacaqlı olacağını düşünməzdi.
“Çünki 7296 müəllimdən yarıdan çoxu – 3909-nun minimal balı belə keçə bilməməsi və ən aşağı hədd müstəvisini aşa bilməməsi həqiqətən də üzücü göstərcidir. Əslində, bununla bağlı çox şey danışmaq olar. Sadəcə, reallıq göz qabağındadır. Təsəvvür edin, illərlə bir predmeti tədris edir, bununla bağlı şagird yetişdirir, onları maarifləndirir, daha sonra sertifikasiya ilə bağlı qərar verilir, hazırlaşmağa başlayır, bir-iki il hazırlaşır, bütün bunlardan sonra kəsilir, lakin Elm və Təhsil Nazirliyi sənə bir il daha şans verərək yenidən imtahan girməyinə, işdə qalmaq şansından əlavə, maaş artırma şansı üçün də şərait yaradır. Bununla da kifayətlənməyərək, təhsil institutunun xətti ilə onlara hazırlıq təklif edilir. Bütün bu mərhələlərdən sonra 3909 müəllim ən minimal göstəricini toplaya bilməyərək, yenidən kəsilir”, – deyə o əlavə edib.
Ekspert qeyd edib ki, bütün bunların əsas səbəbi Elm və Təhsil Nazirliyinin sertifikasiya prosesinə çox humanist yanaşması oldu:
“Niyyətim aidiyyatı qurumun tərəfini tutmaq, onun mövqeyini müdafiə etmək deyil. Problem varsa, onların da müəyyən qədər təsiri var. Lakin etiraf edək ki, sertifikasiya prosesi həddən artıq “humanist çalarlar”la keçdi. Ötən il təkrar sertifikasiyadan kəsilən və əmək müqaviləsinə xitam verilən 743 müəllimin bəzilərinə texniki və təşkilatə pozisiyalarda iş verildi. Onlar məktəbə yenidən qaytarıldı. Yəqin ki, bu qədər humanist addımların içərisində bu addımların atılması bizim müəllimlərimizdə əlavə arxayınlıq yaratdı. Bu, əslində, belə olmamalıdır. Humanist meylləri azaldıb cəmiyyətimizin, şagirdlərimizin gələcəyi, istiqamətində düşünməliyik. Biz artıq məktəbi xilas etmək barədə düşünməliyik”.
İsmayıl Bakuvi
www.yenicag.az