ŞƏT-də yeni SİYASİ BALANS – Çin və Hindistan ABŞ-yə qarşı NƏ EDƏCƏKLƏR?
“Sözügedən proseslər fonunda üç ölkənin bir araya gəlməsi və Şanxay Əməkdaşlıq Təşkilatı platformasında vahid güc kimi çıxış etməsi Qərbə, xüsusən də ABŞ-yə mesaj kimi qiymətləndirilə bilər”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Elşad Mirbəşirli deyib.
O, Hindistan və Rusiyanın ABŞ-yə qarşı birlik yaratmasının pərdəarxası məqamlarından və bu birliyin mümkün təsirlərindən danışıb.
Politoloq bildirib ki, Çin, Rusiya və Hindistan həm mövcud, həm də gələcək siyasi, iqtisadi və təhlükəsizlik maraqlarını daha da yaxınlaşdırmaq niyyətindədirlər.
“Son dövrlərə qədər Hindistan ilə Çin arasında müəyyən gərginlik mövcud idi. Lakin Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci zirvə toplantısında gördük ki, Hindistanın Baş naziri Narendra Modi Çində arzuolunan qonaq kimi qarşılandı. Bu isə Çin və Hindistan arasında gərginlik elementlərinin tədricən aradan qalxdığını göstərir”.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın Hindistan və Rusiyanın Çinə yaxınlaşdığını etiraf etməsi təsadüfi deyil:
“Şanxay Əməkdaşlıq Təşkilatı kifayət qədər böyük coğrafiyanı və bazarları əhatə edir. Qərbdə isə hazırda monolitlik müşahidə olunmur. Yəni ABŞ ilə Avropa ölkələri arasında əvvəlki dövrlərlə müqayisədə daha açıq fikir ayrılıqları nəzərə çarpır. Eyni zamanda strateji məsələlərdə də Qərbin vahid mövqedən çıxış etməsi əvvəlki kimi aydın görünmür”.
Müsahibimiz əmindir ki, sözügedən proseslər fonunda üç ölkənin bir araya gəlməsi və Şanxay Əməkdaşlıq Təşkilatı platformasında vahid güc kimi çıxış etməsi Qərbə, xüsusən də ABŞ-yə mesaj kimi qiymətləndirilə bilər:
“Bu proses həm də yeni dünya düzəninin formalaşması çərçivəsində baş verir. Yəni hər üç ölkə siyasi, iqtisadi və hərbi baxımdan qlobal reallıqlara təsir etmək gücünə malikdir. Baxmayaraq ki, Qərbin – ABŞ-nin rəhbərliyi altında iqtisadi və siyasi gücü hələ də daha böyükdür, lakin perspektivdə bu ölkələrin bir araya gəlməsi və milli valyutalarını ticarət mübadiləsində daha geniş şəkildə təklif etmələri onlar üçün mühüm perspektivlər açır. Əgər həmin proseslər davam edərsə və maraqlar tam şəkildə uzlaşarsa, Qərbin qarşısında dayanmaq imkanları ciddi reallığa çevrilə bilər”.
Nəsimi Ələsgərli