Səudiyyə Ərəbistanında ötən şənbə günü 11 şahzadə və çox sayda nazirin həbs olunması regiona təsirsiz ötüşməyəcək nəticələrə yol aça bilər.
Yenicag.az xəbər verir ki, Səudiyyə Ərəbistanını silkələyən və dünyanın maraqla izlədiyi bu hadisənin səbəbləri ilə mümkün gedişatı hələ ki beynəlxalq gündəmin əsas mövzuları sırasında da öndə gəlir.
Beynəlxalq media Səudiyyə kral rejiminin bu kəskin addımını əsasən, aşağıdakı aspektlərdən dəyərləndirməyə üstünlük verirlər:
– Səudiyyə Ərəbistanı hakimiyyəti bu həbslər və “təmizlik” əməliyyatı ilə sarsıldı. Bu əməliyyatda sadəcə, dünyanın ən zəngin şəxslərindən biri olan, qadınların heçə sayıldığı ölkəni qara təəssübkeşliklə idarə etdiyi halda, özü Qərb sivilizasiyasının bütün nemətlərindən yararlanan bin Təlal deyil, sarayın mühafizə xidmətinin rəisi də daxil olmaqla çox “kəllə”lər getdi.
Bu baş verənlər ilk baxışda antikorrupsiya tədbiri idi və əməliyyatın başında vəliəhd şahzadə Məhəmməd bin Salman dayanırdı. Bu hərəkətlənmədə əsas məqsədin vəliəhd şahzadənin növbəti həmlələri qarşısındakı maneələri aradan qaldırmaq olduğu bildirilir.
– Elə həmin gün (noyabrın 4-də) Livanın baş naziri Saad Hariri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirtdiyi mətbuat konfransında öz istefasını elan etdi. Hariri bu istefasının səbəbini İranın “Hizbullah” vasitəsilə Livanı tam nəzarətə götürmək cəhdi ilə əlaqələndirdi. O, vaxtilə sui-qəsd nəticəsində öldürülmüş atasının taleyini yaşamaqdan ehtiyatlandığını da gizlətməyib. Qeyd edək ki, Livanın sabiq baş naziri Rafiq Hariri 2005-ci ildə bombalı hücumla qətlə yetirilib. Bu qətllə bağlı yalnız 2014-cü ildə açılan cinayət işində isə əsas ittiham “Hizbullah”a qarşı yönəlib.
– Yenə həmin Ər-Riyada Yəmən ərazisindən – İrandan hərtərəfli dəstək alan husilər tərəfindən ballistik raket atılıb. Qeyd olunur ki, Səudiyyə hərbçiləri raketi havada zərərsizləşdirdiklərindən, hər hansı itki baş verməyib.
– Sadd Haririnin istefasına ilk reaksiya verənlərdən biri o an Londona səfərə gəlmiş İsrailin baş naziri Benyamin Netanyahu oldu. Netanyahunun fikrincə, Haririnin istefası “Suriyanı da Livana çevirmək istəyən İranın bu cəhdlərinə qarşı dünya üçün siqnal olmalıdır”. Bundan başqa, Netanyahu Rusiya prezidenti Vladimir Putinlə görüşündə Suriyada Əsəd rejimini dəstəkləyən İran İslam İnqilabını Mühafizə Korpusu bölmələrinin və “Hizbullah” döyüşçülərinin İsrail sərhədlərinə yaxınlaşmalarına imkan verməməyi xahiş edib. O, bildirib ki, əks halda, İsrail özü bununla bağlı tədbirlər görəcək.
– Öz növbəsində İran da bu ittihamların və təhdidlərin altında qalmadı. İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi yaydığı açıqlamada bildirib ki, “Haririnin İrana yönəlik bəyanatı sionist rejim, Səudiyyə Ərəbistanı və ABŞ-ın saxta, əsassız ittihamlarının təkrarıdır”.
İranın ali dini lideri Xameneyinin müşaviri Hüseyn Şeyxülislam isə Haririnin istefa bəyanatını “ABŞ prezidenti Donald Trampla Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın planlaşdırılmış “əsər”i adlandırıb.
Qeyd olunan məqamların bir-biri ilə əlaqəli olduğunu göstərmək üçün bu detalı da diqqətə çatdırmaq lazım gəlir: Hariri istefa verməzdən bir gün əvvəl, noyabrın 3-də Beyrutda İranın ali dini lideri Xameneyinin xüsusi təmsilçisi, həm də keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti ilə görüşmüşdü. Vilayəti həmin gün həm də “Hizbullah” lideri Həsən Nəsrullah ilə Beyrutda bir araya gəlmişdi. Buradan belə anlaşılır ki, Hariri bu görüşlərdən sonra Səudiyyə Ərəbistanına gedib və orada apardığı müzakirələrdən sonra istefasını elan edib.
Yəni Səudiyyə Ərəbistanında baş verənlərin bu ölkənin miqyasından çox kənara çıxdığı aydın görünür. Hansı proseslərin getdiyini müəyyənləşdirmək üçün yaşananları üç aspektən dəyərləndirmək lazım gəlir:
– “Müsəlman qardaşlar”: “Ərəb baharı” dalğasında bu təşkilatın dəstəklədiyi Məhəmməd Mursinin 2012-ci ildə Misir prezidenti seçilməsi Səudiyyə Ərəbistanı və onun kimi “Müsəlman qardaşları”nı terror təşkilatı hesab edən bir çox ərəb ölkələrinin qəzəbinə səbəb oldu. Bundan sonra ABŞ-ın dəstəyi ilə baş tutan saray çevrilişi nəticəsində Qatarda Təmim Əl Sani atasının taxtına oturduldu. Növbəti həftə isə Misir Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Səudiyyə Ərəbistanının dəstəklədiyi Əbdülfəttah Sisi 2013-cü il iyulun 3-də hərbi çevrilişlə hakimiyyətə gəldi.
“Müsəlman qardaşları”nın Misirdə məğlubiyyətə uğraması Suriyada Əsəd rejiminə qarşı uğurla davam edən silahlı hərəkatı da zəiflətdi. Bu boşluqdan istifadə edən “Əl-Qaidə”nin Suriya qolu “Əl Nüsrə” və İŞİD tədricən güclənməyə başladılar. Ancaq o proseslərin davamında ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər arasında qurulan koalisiya da əhəmiyyətini itirərək, dağılmağa məhkum oldu. 2014-cü ildə Türkiyə ilə ABŞ arasında terrorçu PKK\PYD üzündən gərginlik yarandı. “Müsəlman qardaşları”na münasibətdə yaranan fikirayrılığı isə Səudiyyə Ərəbistanı ilə Qətəri qarşı-qarşıya qoydu.
Yaranmış vəziyyətdə Rusiya İranın təkidi ilə Suriya proseslərində fəal rol oynamağa başladı. Proseslər 2017-ci ilin iyununda Səudiyyə Ərəbistanı, Misir və onları dəstəkləyənə ərəb ölkələrinin Qətərə məlum ultimatumu və növbəti böhranla nəticələndi. Türkiyənin dəstəyini alan Qətər əmiri taxtını qorumaq üçün “Müsəlman qardaşları”na dəstəyini tədricən azaltmağa başladı. Bu gedişatda “Müsəlman qardaşları”nın Qəzzadakı mühüm dayağı olan “Həmas”ın rəhbərliyi İsraili qane etməsə belə, sazişə doğru addım atdı və Misir kəşfiyyatının araya girməsi ilə Ramallahda yerləşən Fələstin hökuməti ilə anlaşdı.
Uzun sözün qısası, “Ərəb baharı”ndan bu yana Səudiyyə rejimi “Müsəlman qardaşları”na qarşı üstünlük qazansa da, ABŞ-ın israrı ilə öz evində “daxili təmizlik” aparmaq məcburiyyətində qaldı.
– Səudiyyədə “ev təmizliyi” və dəyişiklik: Yaşlı Kral Abdullah 2015-ci il yanvarın 23-də vəfat etdikdən sonra onun yerinə 80 yaşlı Kral Salman keçdi. Kral Salmanın ilk köklü dəyişiklik addımı isə 2015-ci il dekabrın 12-də qadınlara yerli seçkilərdə səs hüququnun verilməsi oldu.
Dünyanın ən zəngin neft-qaz ehtiyatlarına malik ölkələrdən biri olmasına baxmayaraq, iqtisadi böhranın astanasına gələn Səudiyyədə ən əsaslı dəyişikliklərdən biri də iqtisadi məcburetmə yolu ilə həyata keçirildi: ölkənin bürokratik sistemi 2016-cı il oktyabrın 3-də Qriqorian təqviminə keçdi. Qriqorian təqviminə keçid sayəsində Səudiyyə Ərəbistanında hər il itirilən 11 iş gününün yeri dolduruldu.
Bundan sonra isə Səudiyyədə radikal dəyişikliklərin növbəti mərhələsi başladı: Qətər böhranı davam edərkən, Kral Salman vəliəhd qardaşı oğlunu bu statusdan məhrum edərək, 2017-ci il iyunun 21-də 31 yaşlı oğlu Şahzadə Məhəmməd bin Salmanı öz varisi təyin etdi.
Vəliəhd şahzadə isə bu il sentyabrın 26-da ölkə adına böyük rəzalətlərdən birini aradan qaldıraraq, qadınlara avtomobil idarə etmək hüququ verdi. Ən ciddisi, şahzadə 2017-ci il oktyabrın 24-də İslamın ən radikal cərəyanlarından biri olan və ABŞ-ın da terrorçuluqda günahlandırdığı vahabiliyin yerinə “Liberal İslam” konsepsiyasına keçməyi hədəflədiklərini bəyan etdi.
– Xarici düşmən ehtiyacı və İran: Bir yandan daxili mübarizə, digər yandan çoxpartiyalı sistemə keçilməyən ölkədə qəbilələr və şahzadələr arasındakı saray çəkişmələri, başqa tərəfdənsə əsaslı islahatların aparılması, milli həmrəyliyi gücləndirməyi, bu çərçivədə “xarici düşmən” tapılmasını zərurətə çevirir. Xarici düşmən isə onsuz da “tapılıb”: İran.
Səudiyyə Ərəbistanının İraqdakı kürd referendumunun əleyhinə çıxmasının bir səbəbi də budur. Əvvəla, özünü ərəb və müsəlman dünyasının lideri sayan bir dövlət hər hansı ərəb dövlətinin qeyri-ərəblər tərəfindən parçalanmasına razı ola bilməz.
İkincisi, İraq parçalanarsa, İranın nəzarətinə keçəcək Bəsrə körfəzi özlüyündə bir “şiəstan”a çevrilə bilər. Üstəlik, Səudiyyə Ərəbistanının İraq və Küveytlə sərhədlərində – zəngin neft və qaz yataqlarının yerləşdiyi Dəhran bölgəsində əsasən, şiələr məskunlaşıb.
Dolayısı ilə həm sünni-şiə ziddiyyətlərinin güclənməsi, həm İranın nüfuz dairəsini ifrat genişləndirmək cəhdləri Səudiyyə vəliəhdinin əlinə yetərincə “işlək” material verir.
Səudiyyə Ərəbistanı terrorçu təşkilatlara verdiyi gizli dəstəyin əziyyətini çəkdiyi və neft erasının başa çatmaqda olduğunu gördüyü üçün vahabiliyi dəstəkləməkdən imtina etməyi daxili müzakirəyə çıxarıb.
Bu, region ölkələrinə, o cümlədən Türkiyəyə təsirsiz ötüşməyəcək. Maraqlıdır, Ər-Riyad Balkanlardan Qafqaza, qərbi Afrikadan Orta Asiyaya qədər uzanan sələfilik təbliğatından imtina edəcəkmi? Vaşinqton bu siyasəti dəstəkləyəcəkmi? Görünən budur ki, biz bir yandan Səudiyyə-İran toqquşmasına yol açan proseslərin, digər tərəfdənsə bu ölkədə köklü dəyişikliklərin ərəfəsində olduğumuzu deyə bilərik.
Necə? Neft-qaz ehtiyatları çoxdur. Ancaq neft tükənməyəcəkmi?
Axı Daş dövrü daşlar tükəndiyi üçün yekunlaşmadı…
Yenicag.Az Analitik Qrupu