Sibiqa: "Ukraynaya qarşı müharibə Rusiyanın özünün ziyanınadır"

media-hightechnic-468x90

Rusiya Ukraynaya qarşı apardığı müharibədə həm döyüş meydanında, həm də iqtisadi sahədə ağır məğlubiyyətə uğrayır. Ötən il ərzində ölkə böyük itkilər verib, ərazilərin ələ keçirilməsi templəri isə olduqca aşağı səviyyədə qalır.

Yenicag.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andriy Sibiqa “X” sosial media hesabında bildirib.

Diplomat qeyd edib ki, ötən il Rusiya 480 min hərbçi itirib (ölənlər və yaralananlar daxil olmaqla), bununla yanaşı Ukrayna ərazisinin cəmi əlavə 0,7 faizini ələ keçirə bilib.

Bu ilin yanvarında rus qoşunlarının irəliləməsinin zəifləməsi tendensiyası daha da güclənib. Gündəlik min nəfərdən artıq itkiyə baxmayaraq, bir ay ərzində onlar ərazilərin cəmi 0,04 faizini tuta biliblər ki, bu da son 9 ayın ən aşağı göstəricisidir.

Bununla yanaşı, son iki il ərzində (2024-cü ilin yanvarından etibarən) Rusiya Donetsk vilayətində regionun əlavə 21 faizini yüz minlərlə insanın həyatı bahasına ələ keçirib. Bu ərazi Donetsk vilayətinin Ukraynanın nəzarətində qalan hissəsindən daha kiçikdir.

Hərbi uğursuzluqlarla paralel olaraq Rusiya iqtisadiyyatı da geriləmə əlamətləri nümayiş etdirir.

Eyni zamanda Moskva 12 əsas sahədə istehsalın azalmasının qarşısını ala bilmir. Ötən il bağlanan müəssisələrin sayı 15 faiz artıb, daha 10 faizi isə müflisləşmə həddindədir.

Ukrayna XİN rəhbərinin sözlərinə görə, qeyri-adekvat planlaşdırma və sanksiyalar səbəbindən bu il Rusiyanın büdcəsi neft gəlirlərindən azı 25 milyard ABŞ dolları itirə bilər.

A.Sibiqa vurğulayıb ki, öz növbəsində Ukrayna Rusiya ərazisində yerləşən hərbi obyektlərə zərbələri gücləndirir. Ötən il bu cür 719 hücum qeydə alınıb və onların Rusiyaya vurduğu zərər 15 milyard ABŞ dolları təşkil edib.

“Müharibə başladığı yerə, yəni Rusiyaya qayıdır. Bu da ədalətlidir… Rusiya lideri Vladimir Putin hərbi yolla nəyəsə nail ola biləcəyi ilə bağlı illüziyalarından nə qədər tez əl çəksə, sülhə nail olmaq istiqamətində səylər bir o qədər tez nəticə verəcək”, – deyə o bildirib.

Nazir eyni zamanda müharibənin başa çatdırılmasının sürətləndirilməsi üçün sanksiya təzyiqinin, xüsusilə Rusiyanın “kölgə donanması”na və energetika sektoruna qarşı tədbirlərin gücləndirilməsinin, həmçinin Ukraynaya müdafiə dəstəyinin artırılmasının həlledici əhəmiyyət daşıdığını qeyd edib.

Nazirin fikrincə, ötən il Rusiya regionlarının büdcə kəsiri rekord həddə — 21 milyard ABŞ dollarına çatıb ki, bu da 2023-cü ilin göstəricisini səkkiz dəfə üstələyir./Azərtac/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05