Böyük şəhərlərdə siçanların sayının durmadan artması onlara qarşı mübarizəni çətinləşdirir. Elm insanları bu artışın səbəbi barədə araşdırma aparıblar.
Yenicag.az xəbər verir ki, bir qrup alimin apardığı araşdırmanın nəticəsi “Science Advances” elmi jurnalında yayımlanıb.
ABŞ-nin 13 və Toronto, Tokio və Amsterdam şəhərlərinin rəhbərliyindən meqapolislərdəki siçan artışının 12 illik dataları istənilib.
ABŞ-nin paytaxtı Vaşinqton siçan artışına görə (300 faiz) ilk sırada qərarlaşıb. Nyu-Yorkda isə bu artış 162 faiz olub.
Araşdırmaya görə, siçanların sayının artmasının 3 səbəbi ortaya çıxarılıb: İnsan sayının artması, şəhərlərdə bitki örtüyünün azalması və iqlim dəyişikliyi.
Ancaq siçan sayının artmasının ən böyük səbəbi kimi (40 faiz təsir edir) iqlim dəyişikliyi göstərilib. Belə ki, temperaturun artması siçanların çoxalma dövrlərinin də artmasına gətirib çıxarır. Bu da, öz növbəsində, siçan populyasiyasının qeyri-taraz şəkildə artmasına səbəb olur.
Nyu-Orleans, Luisvil və Tokioda siçan sayının azalması isə bu proseslə bağlı hansı qabaqlayıcı tədbirlərin alınmasının lazım olduğuna dair ipucu verir. Belə ki, şəhərlərin təmizliyi burada əsas rol oynayır.
Qeyd edək ki, ABŞ-də siçanların sayının artması infrastrukturda 27 milyard dollarlıq zərərə yol açır.
www.yenicag.az