Reklam

Reklam

“Layihədə konkret olaraq hansısa ayrıca bir silahlı qüvvə növü haqqında müddəalara yer verilməyib”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında “Silahlı Qüvvələr haqqında” qanun layihəsində Orduya ölkədaxili ictimai-siyasi həyatda iştirak hüququ verilməsinə dair iddiaları şərh edən Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc deyib:

“Bəli, mediada bununla bağlı yanlış məlumatın verilməsi siz dediyiniz o xarakterli təhlillərə, şərhlərə yol açıb. Düşünürəm ki, müxtəlif narazı siyasi qüvvələr bu məqamdan maksimum dərəcədə bəhrələnməyə çalışırlar. Məsələnin mahiyyəti isə həddindən artıq sadə və dəqiq hüquqi interpretasiyaların daxilindədir. Hətta adi nəzərlərlə baxdıqda, bu deyilənlərin öz təsdiqini tapdığını görə bilərik.

Söhbət ondan gedir ki, dünyanın bütün ölkələrində silahlı qüvvələr haqqında ayrıca qanunvericilik mövcuddur. Azərbaycanda analoji qanun 1991-ci ildə qəbul edilmişdi və cəmi 10 maddədən ibarət idi. Xatırladım ki, xalqın təzyiqi nəticəsində o qanun qəbul ediləndə Azərbaycanın dövlət müstəqilliyi hələ tam elan olunmamışdı. Yəni Azərbaycanda ordu quruculuğunun əsası o sənədlə başlamışdı.

Ancaq növbəti dönəmdə ölkə Konstitusiyası qəbul edilib, Əsas Qanunumuza əlavə və dəyişikliklər həyata keçirilib, ictimai-siyasi münasibətlərin xarakteri, o cümlədən ölkəyə yönələn təhlükələrin də durumu dəyişib. Belə bir vəziyyətdə ölkənin silahlı qüvvələri haqqında qanuna yenidən baxmaq zərurəti yaranıb. Bu çərçivədə hazırlanmış qanun layihəsi Milli Məclisə göndərilib və onun müzakirəsinə başlanılıb.

Həmin qanun layihəsində “Silahlı qüvvələr nədir?”, “Onların təyinatı necə müəyyənləşir?”, “Funksiyalarına hansı vəzifələr daxildir?”, “Formalaşma prinsipləri necədir?”, “Silahlı qüvvələr sisteminin yaradılmasında müvafiq icra hakimiyyəti orqanı hansı addımları atmalıdır?” kimi məsələlər öz əksini tapıb.

Layihədə konkret olaraq hansısa ayrıca bir silahlı qüvvə növü haqqında müddəalara yer verilməyib ki, kimsə burada söhbətin Ordudan getdiyinə və ona daxili ictimai-siyasi həyatda iştirak hüququ verildiyinə, həmçinin, Ordudan antihakimiyyət aksiyalarının qarşısının alınmasında istifadə ediləcəyinə dair nəticələr çıxartsın.

Silahlı qüvvələr haqqında qanun layihəsində bu kimi mülahizələrin irəli sürülməsinə əsas verən heç bir müddəa yoxdur. Məsələni daha sadə dildə izah etsək, bu, Ana qanundur, yəni saziş sənədidir. Ona görə də haqqında danışdığımız yanlış yanaşmalara rəsmi qaydada izahat verildi və məsələyə aydınlıq gətirildi”.

A.Zeynalov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1435
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."