Simonyanın SÜLH ÇIXIŞI: “Maskalanmış diplomatiya”nın BİLİNMƏYƏNLƏRİ
“Ümumiyyətlə, erməni siyasəti manipulyasiyalardan ibarətdir. Yalnız özlərinə maraqlı və faydalı olan istiqamətlər ön plana çəkilir”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.
O, Ermənistan parlamentinin sədri Alen Simonyanın Azərbaycan və Ermənistan arasında bundan sonrakı əlaqələrin inkişafı ilə bağlı səsləndirdiyi fikirlərə toxunub.
Onun sözlərinə görə, indiki şəraitdə verilən açıqlamada siyasi manipulyasiya elementləri olsa da, müəyyən məcburiyyət də mövcuddur:
“Çünki Ermənistan nə Qərbdən əvvəlki kimi dəstək ala bilir, nə də Rusiya qarşısında əvvəlki mövqeyini qoruyub saxlaya bilir. Hazırda Ermənistanın taleyi həll olunur və bu situasiyadan onu xilas edə biləcək yalnız iki dövlət var: biri Azərbaycan, digəri isə Türkiyədir. Məhz bu səbəbdən Simonyanın bu cür açıqlamaları, xüsusilə də seçki ərəfəsində sülh mövzusunun Ermənistan cəmiyyətində təbliği olduqca önəm daşıyır. Simonyan deyəndə ki, “kənardan Azərbaycan və Ermənistan arasında savaş istəyənlər olsa da, bu savaş olmayacaq” – bu mesajla, əslində, Rusiyanı nəzərdə tutur”.
E. Xalidbəylinin fikrincə, seçki ərəfəsində Ermənistanda olduqca gərgin bir situasiya yaranıb:
“Erməni Apostol Kilsəsinin avanqard rolunu oynadığı radikal revanşist düşərgə Paşinyan hakimiyyətini hətta seçkilərdən öncə də devirmək niyyətində olduğunu gizlətmir. Hazırda Paşinyanla kilsə arasında açıq qarşıdurma başlayıb. Kilsənin planı – yəni “Qarabağ klanı”nın silahlı qruplaşmaları və Qarabağdan köçən separatçıları Paşinyan hakimiyyətinə qarşı çıxarmaq – aktiv fazaya keçib. Yəni orada vəziyyət həddindən artıq gərgindir. Paşinyan hakimiyyəti isə bu vəziyyətdən çıxmaq üçün bütün imkanlardan istifadə etməyə çalışır. Bütün bu faktorları nəzərə aldıqda demək olar ki, indiki şəraitdə Azərbaycan və Ermənistan arasında sülh mövzusunun bu şəkildə gündəmə gətirilməsi Paşinyan hakimiyyəti üçün artıq bir zərurətə çevrilib”.
Rafi Müslümov