Anadolu Yayınçılar Federasiyası (AYF) İsrail dövlətindən Fələstin xalqına və jurnalistlərinə qarşı terror savaşını dayandırmağı tələb edib.
Yenicag.az xəbər verir ki, AYF-nin sədri Sinan Burhan və çox sayda jurnalistin iştirakı ilə İsrailin Türkiyədəki səfirliyi qarşısında keçirilən etiraz aksiyasında Qəzzada törədilən soyqırımı və qətliamlar lənətlənib.
Aksiyada çıxış edən AYF sədri Sinan Burhan AYF-nin hər zaman Fələstin xalqının yanında olduğunu bildirib:
“Fələstinli jurnalistlərin yanındayıq və onların haqq səsi olacağıq. Fələstinli jurnalistləri qətlə yetirən İsraili qınayırıq”.
“Akşam” qəzetinin Ankara təmsilçisi Emin Pazarcı da çıxışında İsrailin Fələstində soyqırımı törətdiyini bildirərək dünyanın buna etiraz səsinin ucaltmalı olduğunu deyib.
Özəl Radiolar Dərnəyinin sədri Gülay Kankalp da aksiyada çıxış edərək, İsrailin aramsız bombardmanına məruz qalan Fələstin xalqının böyük zülmə mıruz qaldığını söyləyib.
Çıxışlardan sonra oxunan qətnamədə İsrailin Fələstində davam etdirdiyi soyqırımının dərhal dayandırılması tələb olunub:
“İsrailin 2023-cü il oktyabrın 7-də Fələstin xalqına qarşı başladığı dövlət terroru tam sürətlə davam etməkdədir. Bu ana qədər artıq 21 min insan qətlə yetirilib və onların əksəriyyəti qadın və uşaqlardır. İsrailin həyata keçirdiyi qətliamdan sağ çıxanlar isə humanitar fəlakətlə üz-üzə qalıblar.
İsrailin davam etdirdiyi savaşda ən çox zərər çəkənlər jurnalistlər olub. Çünki İsrailin həyata keçirdiyi qətliamları dünyaya çatdıranlar məhz jurnalistlərdir. Ona görə də jurnaıistlər terror dövlətinin əsas hədəflərindən biridir. Bu baxımdan, İsrailin qətlə yetirdiyi jurnalistlərin sayı artıq 103-ə çatıb. Bu vəhşiliyi şiddətlə pisləyirik.
Biz Anadolu Yayınçılar Federasiyası olaraq, Fələstin xalqının və fələstinli jurnalistlərin yanındayıq. Biz onlarən haqq səsi olacağıq”.
www.yenicag.az