-…
– Noolar qorxma, hər şey əladır. Vallah, təhlükə arxada qalıb. Adladıq ölümü. Keçdik o mərhələni…
-…
Bax, yanındakı dərmanlara. Hamısını almışam. Səidə xanım yazıb. Özü dedi. Dedi “papa”nın dili də açılacaq, yavaş – yavaş udqunması da bərpa olacaq. Duracaq ayaq üstə.
-….
Növbətçi həkimlərin “hörmət”ini 10 qat, 20 qat edirəm. Sənə diqqətli olsunlar, başının üstündən çəkilməsinlər deyə. “Qlavvraç”a da tapşırmışıq. Şəxsən özünün nəzarətindəsən.
-…
Nəbzin düzəlib. Artıq süni nəfəsdən də ayırıblar. Çox şükür. Bütün “kritika” geridə qalıb, Allah xətrinə güvən mənə…
-…
Mən sənin oğlunam, anlayırsan bunu? Anlayırsan ki, atalar kimi oğullar da verdikləri sözü tutar?
-….
Qalxacaqsan və yenidən bizimlə olacaqsan! Sənə kişi sözü verirəm….
-…
P.S Məzarliqda hər yağışdan sonra üzə çıxan ilbizlər var ha, onlar belə sevməz yalançıları…..!!!
***
Sizin heç atanız öldümü, dostlar? Ölmədisə dinləyin:Çox qərib bir hissdir. Çox! O qədər qərib ki, məsələn ağlayacaq yerdə gülməyi tərcih etsən kimsə qınamaz səni: elə bir şok yaşarsan, gözlərində yaş donar, udlağında tüpürcək. Ya da məsələn – dəli kimi başlarsan pencəyin düymələrini açıb-bağlamağa, meyidin yanında heyvərə kimi yemək yeməyə, kimisə dəxilsiz – dəxilsiz öpməyə, qıdıqlamağa, mənasız “anekdot”ları sıralamağa, soyuducu eşələməyə, ağız marçıldatmağa….
Bax o qədər itirərsən başını…
***
Soyuqdur bura. Əsl məzarlıq havası. Baxışırıq atamla. Nəsə deyir. Sağ ikən əli ilə danışardı, yox ikən gözləri ilə…
Ata, səndəmi öz atanı itirəndə belə olmusan? Bir qəribə? Qoy anladım: bax təxminən adamın içində elə bir hiss olur, sanki atasızlıq sənin üzünə, alnına yazılıb. Daha doğrusu yansıyıb. Elə bilirsən sözlə Ifadə etməsələr də, əllə göstərməsələr də hər kəs ürəyində “bu atasızdır” deyib keçir. Ya da nə bilim, tutaq hansısa məclisdə valideyn sağlığına badə qaldırılarkən gizlənməyə yer axtarirsan. Sanırsan, indi səni görsələr “Allah bu dünyadan köçənlərə də rəhmət eləsin “- deyib yetim damğasını anındaca şappıldadacaqlar sifətinə…
Utancaqlıq deyil bu. Yox! Sadəcə sərt sillədir. Güllə kimi dəyir adama. Pis oluram. Mən də atamı istəyirəm. Canlı – canlı. Hamı kimi. Vəssalam. Başqa heç nə…
***
Anam yaman qocalıb. Əldən düşüb. Varmı xəbərin?Üzündə yüz qırış bir – birinə ilmələnib. Əvvəlki şuxluğundan, özgüvənindən, qamətindən əsər əlamət yoxdur. Hər gedişimdə üzümə baxır, nəsə umur. Amma bilmirəm nə. Qeydinə qala bilmirəm onun. Sənə layıq şəkildə qala bilmirəm. Bizi öz ölümünlə elə dolambaca salmısan, hərənin başı özünə qarışıb. Arvadı arvad, övladı övlad kimi məhv eləmisən. Ailə təməlini pozmusan, ata. Boynuna al…
***
Hələ sənə Fidandan danışım. Bu gün – sabah 9 yaşı tamam olacaq. Tez – tez dirəşir ki, babamı görmək istəyirəm. Hər dəfəsində də məzarın üstünə gətirirəm. Uşaqdır, anlamır. Deyir bezmişəm bu soyuq daşa tamaşa eləməkdən. Mənə babamı ver, babamı göstər…
Lütfən, bir şey de. De, mən də ona çatdırım. Ya da bax, imkan olsa Tanrıdan, mələkdən ta nə bilim lap şeytandan izn al gəl 10 saniyəlik. Bir dəfə onu öp get. Qiz sənə əməllicə susayıb…
***
…Unutmadan: dərmanlarını vaxtı – vaxtında içirsən, hə? Bilirsən də… şəkər üçün “Diabeton MR”-dən yarım, təzyiq üçünsə “Kaptopril”- dən bütöv “tablet”. İkisi də yeməkdən sonra. Öz də mədəni qorumaq üçün çalış onları südlə qəbul et. Və çox xahiş edirəm, dərman məsələsini orda da evdəkinin gününə salma. Ok? Yəni, “xaltura”- filan olmasın..Yoxsa “bozuşarıq”
Özün – özünə diqqət elə, lütfən. Bizdən sənə bab olmaz. Ayrıca, o deyərlər e – ay atam 24 saat qəlbimdə, canımda, qanımda – filandı. İnan, boş söhbətdi. Çünki, torpaq kimi insanın da üzü soyuq olur. Bax elə götür mənim özümü: bəzən başım elə qarışar, həftələrlə, aylarla unudaram səni. Artistliyin heç yeri yox. Dediyim kimidir. Etiraf edirəm…
Amma bir də…sənsizlik deyə bir dəm var. Çox “kopoyoğlu” dəmdir, ATA! Allah bütün atasızları bax o dəmdən saxlasın. Məqamı gəldimi, qarşına çıxdımı, sümük qırar, ilik tökər, qan dondurar…
İt kimi uladar adami, it kimi…
Elşən Musayev (aktual.az)
www.yenicag.az