Bu gün “İstiqlal Düşüncələri. Cümhurriyyətə aparan yollar” kitabının təqdimat mərasimi keçirilib.
Yenicag.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, kitabda ADR və onu quran şəxsiyyətlər haqqında geniş məlumatlar var:
“İstər Məmməd Əmin Rəsulzadə olsun, istər Topçubaşov olsun, istərsə də digər şəxsiyyətlər, onların Azərbaycan üçün fəaliyyəti danılmazdır. Onlar Azərbaycan üçün son damla qanlarına qədər vuruşublar”.
Rüstəm İbrahimbəyovun çəkdiyi filmə münasibət göstərən MŞ sədri, qeyd edib ki, o filmə baxdıqa öz tariximizə baxmalı oluruq:
“Görürük ki, bu dövlət üçün əlindən gələn hər şeyi edən şəxsiyyətlər olub. Necə ola bilər ki, bu xalqdan olasan, xalqı aşağılayasan”.
Tədbirdə Avropa Şurasının Azərbaycan Respublikasındakı Ofisinin rəhbəri Zoltan Hernyes də çıxış edib. O ADR-in keçdiyi yoldan danışaraq bildirib ki, ADR o zaman etdiklərini, qərb ölkələri illər sonra etdi:
“ADR müsəlman dünyasının ilk demokratik ölkəsidir. Qadınlara seçki hüquq verilmişdi. Mətbuat azadlığı var idi.”
Sona Vəliyeva çıxışına başlayarkən qeyd edib ki, prezident İlham Əliyevin sərəncamı ilə Cümhuriyyətin 100 illiyi təntənəli sürətdə qeyd ediləcək:
“Cümhuriyyətin 100 illiyi həm də bir bayramdır. Məni həm də sevindirən budur ki, məktəblərdə də bayram tədbirləri keçirilir”.
Rüstəm İbrahimbəyovun çəkdiyi filmə toxunan Sona Vəliyeva deyib ki, bir insanı çəkdiyi gözəl əsərlərlə xatırlayırdıq, ancaq elə adam necə etdisə ona nifrətlə yanaşırıq:
“Əgər Oskar almaq istəyirsən, get başqa bir mövzunu işlə, başqa bir film çək. Belə adamları lənətləməliyik. Bəlkə Əkrəm Əylisliyə güzəşt edib, yumşaq davrandıq deyə, belə oldu”.
Qeyd edək ki, kitabın müəllifi Bəxtiyar Qaraca və Akif Aşırlıdır. Kitabın ön sözünü filologiya üzrə fəlsəfə doktoru, “Kaspi” qəzeti və “Kaspi Təhsil Mərkəzi”ninin təsisçisi Sona Vəliyeva və Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovdur.