Deputatdan Ramiz Mehdiyev işi ilə bağlı ÇAĞIRIŞ: "Günahlarınızı etiraf edin"
“Abbas Abbasov məsələsində dəqiq faktlara dayanan istintaq aparılır”.
Bunu Ramiz Mehdiyev işi üzrə baş nazirin sabiq birinci müavini Abbas Abbasovun axtarışa verilməsi barədə danışan deputat Ceyhun Məmmədov Yenicag.az-a açıqlamasında deyib. 
C. Məmmədov sabiq məmurun Rusiyada olmasına xüsusi diqqət çəkib:
“Əslində, baş verənlərin təhlili onu göstərir ki, çox ciddi proses var. Prosesdə konkret məsuliyyət daşıyan şəxslər var və Azərbaycan hüquq mühafizə orqanları bu prosesin izinə düşüb çox ciddi formada axtarış aparırlar. Abbas Abbasovun bu cür fəaliyyəti ilk dəfə deyil. Bilirsiniz ki, onun ilk dövrlərdə “Milyarderlər İttifaqı”nda iştirakı da olub. Abbasov bu proseslərdə əvvəldən fəal şəkildə iştirak edib. Onun indi Rusiyada olması da çox ciddi formada əsaslandırır ki, burada ciddi faktlar, nüanslar və məqamlar var”.
Deputat sözügedən məsələdə istintaqa cəlb olunan şəxsləri günahlarını etiraf etməyə çağırıb:
“Gültəkin Hacıbəylinin Ramiz Mehdiyevlə əlaqəsinə gəldikdə isə bir daha qeyd edim ki, hüquq-mühafizə orqanlarının əlində bununla bağlı faktlar var və bu faktları araşdıraraq müəyyən addımlar atıb qərar qəbul edirlər. O mənada düşünürəm ki, prosesə bu müstəvidə yanaşmalıyıq. Hər kəs öz məsuliyyətini anlamalıdır və qanun qarşısında cavab verməli, məsuliyyətdən yayınmamalıdır. Tam şəffaf, ədalətli istintaq prosesi aparılır və vətəndaşlar da bunu bu formada qəbul edib qaydalara əməl etməlidirlər, varsa, günahlarını etiraf etməlidirlər”.
Nurlan Cəfəri












