"James Webb"dən YENİ KƏŞF: Bu planetdə almaz yağır və limon şəklindədir
NASA-nın “James Webb” Kosmik Teleskopundan (JWST) istifadə edən alimlər indiyə qədər rast gəlinməmiş atmosferə sahib olan yeni planet kəşf ediblər.
Yenicag.az xəbər verir ki, bu barədə araşdırmanın nəticəsi “The Astrophysical Journal Letters” elmi jurnalında dərc olunub.
Çikaqo Universitetindən Mikael Zanq və komandası kütləsi təxminən Yupiterə bərabər olan, lakin tipik qaz nəhənglərinə çox da bənzəməyən ekzoplanet aşkar edib.
“PSR J2322-2650b” adlı bu planetin forması limona bənzəyir və o, bir pulsarın ətrafında dövr edir. Pulsarlar digər neytron ulduzları kimi böyük kütləli ulduzların yanacaq ehtiyatını tükətməsindən və supernova partlayışından sonra yaranır. Bu partlayışdan sonra Günəşin 1–2 misli kütləyə malik, lakin cəmi 20 kilometr diametrli son dərəcə sıx nüvə qalır. Pulsarlar çox sürətlə fırlanan neytron ulduzlarıdır.
Planet pulsardan cəmi 1,6 milyon kilometr uzaqlıqda yerləşir (müqayisə üçün: Yer Günəşdən təxminən 100 dəfə daha uzaqdadır) və bir dövrəsini 7,8 saata tamamlayır. Bu yaxınlıq səbəbindən pulsarın cazibə qüvvəsi planeti qəribə limon formasına salır.
Yeni kəşfin maraqlı tərəfi planetin pulsar ətrafında dövr etməsi deyil, onun əvvəllər görünməmiş atmosfer tərkibinə sahib olmasıdır.
Sözügedən pulsar, əsasən, qamma şüaları yayır və JWST kainatı infraqırmızı işıqda müşahidə etmək üçün nəzərdə tutulduğundan pulsar teleskopun görmə qabiliyyətini məhdudlaşdırmır. Bu sayədə alimlər “PSR J2322-2650b”ni rahatlıqla müşahidə edə biliblər.
Araşdırmaya görə, planetin atmosferi, əsasən, helium və karbonla zəngindir. Tədqiqatçılar planetin üzərini örtən karbon buludlarının sıxlaşaraq almaz əmələ gətirdiyini ehtimal edirlər. İndiyədək öyrənilmiş təxminən 150 ekzoplanet atmosferində molekulyar karbon bu səviyyədə aşkarlanmayıb.
Zanq bunu “indiyə qədər heç kimin görmədiyi yeni bir planet atmosferi növü” adlandıraraq əlavə edir: “Su, metan və karbon dioksid kimi normal molekullar əvəzinə, molekulyar karbon, xüsusilə C3 və C2 gördük”.
Alimlər bu qədər yüksək karbon tərkibinin necə yarandığını anlamağa çalışırlar. Planetdə temperatur 2040 ilə 650 dərəcə arasında dəyişir. NASA-ya görə, bu temperaturda molekulyar karbon, adətən, digər atomlarla birləşir, lakin atmosferdə, demək olar, oksigen və azot olmadıqda üstünlük təşkil edə bilər.
Pulsar və planet ikilisi alimlər tərəfindən “qaradul sistemi”nə bənzədilir. Bu nadir sistemlər sürətlə fırlanan pulsarın kiçik, aşağı kütləli bir ulduzla cütləşməsi nəticəsində yaranır. Kiçik yoldaş ulduzdan gələn maddə pulsara axaraq onun daha sürətli fırlanmasına və güclü külək yaratmasına səbəb olur. Bu külək və radiasiya ulduzu bombardman edərək tədricən ondan maddə qoparır. Qaradul sistemində pulsar, adını aldığı hörümçək kimi, yoldaşını yavaş-yavaş “istehlak edir”.
Alimlər “PSR J2322-2650b”nin tipik qaradul sistemi olmadığını, lakin ona bənzədiyini düşünürlər. Üstəlik, bu obyekt ulduz deyil, rəsmi olaraq ekzoplanet kateqoriyasına daxildir.
Alimlər bu qəribə göy cisminin necə formalaşdığını və atmosferinin niyə bu qədər qeyri-adi olduğunu anlamaq üçün araşdırmalarını davam etdirirlər.












