Əmrullayev alimləri "utandırdı": Müəllimlərdən sonra elm adamlarını hədəfə alan nazirin vəzifəsi nədir?
Gün keçdikcə açıqlamalarında dozanı artıran elm və təshil naziir Emin Əmrullayev müəllimlərdən sonra alimləri hədəfə alıb.
Emin Əmrullayevin fikrincə, xarici elmi jurnallarda məqaləsi dərc olunmayan şəxsin özünü alim adlandırması doğru deyil və bu, utanc doğurmalıdır. Bu yanaşma ilk baxışdan beynəlxalq miqyasda tanınmanın vacibliyini vurğulasa da, əslində, bir sıra mühüm məqamları nəzərə almır.
Əvvəla, xarici elmi jurnallarda məqalə dərc etdirmək yalnız intellektual keyfiyyətlərlə ölçülən bir proses deyil, həm də ciddi maliyyə, institusional və struktur baryerlərlə bağlıdır. Dünyanın aparıcı jurnallarında məqalə qəbul olunması üçün müəlliflərdən yüksək məbləğdə “article processing charge” tələb olunur. Bu məbləğ bəzən bir neçə min ABŞ dollarına qədər yüksəlir və Azərbaycan reallığında bir çox alimlər üçün əlçatmazdır. Belə bir şəraitdə alimlərin özlərini “utanmalı” vəziyyətdə görmək, əslində, onların qarşılaşdığı sistematik maneələri görməməzlikdən gəlmək deməkdir.
Elm yalnız fərdi istedadın məhsulu deyil, həm də institusional dəstəyin nəticəsidir. Əgər bir alim xarici jurnalda məqalə çap etdirə bilmirsə, bu onun elmi keyfiyyətinə dair mütləq göstərici sayıla bilməz. Çox vaxt bu, maliyyə imkanlarının məhdudluğu, dil baryerləri, beynəlxalq şəbəkələrə çıxışın zəifliyi ilə bağlıdır. Nazirliyin rolu məhz bu baryerləri aradan qaldırmaq olmalıdır. Elm və təhsil siyasəti alimlərin beynəlxalq platformalara çıxışını asanlaşdırmalı, onların maliyyə yükünü azaltmalı, tərcümə, redaktə və metodoloji dəstək mexanizmləri yaratmalıdır. Əks halda, alimlərin üzərinə qoyulan bu tələblər yalnız simvolik “prestij” ölçüsünə çevrilir və elmi inkişafın real göstəricilərini əks etdirmir.
Analitik baxımdan yanaşdıqda “alim” anlayışı yalnız xarici jurnallarda dərc olunmaqla müəyyən edilə bilməz. Elmi fəaliyyətin dəyəri həm yerli problemlərin həllinə verdiyi töhfə, həm də ictimai bilik istehsalına qatqısı ilə ölçülür. Əgər bir alim kənd təsərrüfatında məhsuldarlığı artıran yeni metod hazırlayıb, amma bunu xarici jurnalda çap etdirə bilməyibsə, onun elmi kimliyi şübhə altına alına bilməz. Bu nöqteyi-nəzərdən nazirliyin vəzifəsi alimləri utandırmaq deyil, onların beynəlxalq səviyyədə görünürlüyünü təmin etmək üçün maliyyə və institusional dəstək verməkdir.
Beləliklə, xarici jurnallarda məqalə çapı məsələsi alimlərin şəxsi məsuliyyəti ilə yanaşı, dövlətin elm siyasətinin də bir parçasıdır. Əgər elm adamları bu prosesdə tək buraxılırsa, onların uğursuzluğu fərdi zəiflik kimi təqdim edilə bilməz. Nazirlik bu yükü bölüşməli, alimlərin beynəlxalq elmi mühitə inteqrasiyasını stimullaşdırmalı və maliyyə dəstəyini təmin etməlidir. Əks halda, “utanmaq” çağırışı elmi mühitdə motivasiya yaratmaq əvəzinə, onu daha da zəiflədən, alimləri kənara çəkilməyə vadar edən ritorikaya çevrilir.
Camal Cavanşir












