Sonu görünməyən problemli kreditlər: "İnsanlar özlərində məsuliyyət hiss etməlidirlər"
“Vətəndaşlar qaytara bilməyəcəkləri kredit götürməməlidirlər”.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramovun Milli Məclisin plenar iclasında problemli kreditlərlə bağlı qaldırdığı məsələni şərh edən iqtisadçı-ekspert Eldəniz Əmirov Yenicag.az-a açıqlamasında bildirib.
Mütəxəssis hazırda problemli kreditlərin o qədər də çox olmadığını deyib:
“Milli Məclisin deputatı Vüqar Bayramov problemli kreditlərin həcminin artması və problemli kreditlərin artmasının qarşısının alınması məsələsinə toxunub. Hesab edirəm ki, qarşıdakı dönəmlərdə də problemli kreditlərin həcmi artacaq, bu mütləqdir. Ona görə ki, ölkədə kredit portfelinin həcmi artır. Kredit portfelinin həcminin artdığı vaxt problemli kreditlərin də həcmi artacaq. Problemli kreditlərin bu səviyyədə artmasını problemli hal kimi düşünmək doğru deyil. Problemli kreditlər 0%-dən 3%-ə qədər olanda normal hesab olunur. 3%-dən 5%-ə qədər olanda bu idarə olunan problemli kredit kateqoriyasında hesab olunur. 5%-dən yuxarı olanda ciddi narahatlıq yaradır. Hazırda isə problemli kreditlər kredit portfelinin 1.09%-ni təşkil edir. Ona görə də mən belə hesab edirəm ki, hazırda o qədər də qorxulu məqam yoxdur”.
Ekspert vətəndaşlara qaytara bilməyəcəkləri krediti götürməməyi məsləhət görür:
“Ümumiyyətlə, mən tərəfdarıyam ki, insanlar özlərində məsuliyyət hiss etməlidirlər. Qaytara bilməyəcəkləri kredit üçün müraciət etməməlidirlər. Ona görə ki bu, sonradan tendensiya halını alır”.
Yenicag.az