Sosial mediaya NƏZARƏT: Gerçək “sosiallıq” hansı mərhələdədir? – MÜSAHİBƏ

Çağdaş dünyamızın vazkeçilməzi olan sosial media bu gün insanların bir-biriləri ünsiyyət qurmasından əlavə, başqa funksiyaları da icra edir. İctimai nəzarət və “virtual basqı” da bu funksiyalardandır.

Son həftə ərzində ölkəmizdə baş verən hadisələr – müəllimlərin işə qəbulu (MİQ) imtahanları və deputat Eldəniz Səlimovun polisi döyməsi fonunda virtual etirazların başlaması ilə birinci halda Təhsil Nazirliyinin geri addım ataraq imtahanların yenidən təşkil ediləcəyini açıqlaması, ikinci halda isə millət vəkilinin toxunulmazlığına xitam verilməsi istiqamətində hüquqi prosesin başladılması qeyd edilən funksiyaların işlədiyinə dair sübutdur.

Bütün bunlardan yola çıxaraq sosial mediaya dövlət nəzarəti, sosial şəbəkələrin gizlilik siyasəti və azərbaycanlı sosial şəbəkə istifadəçilərinin mövcud durumu ətrafında Türkiyə Atatürk Universiteti Jurnalistika kafedrasının doktorantı Nurlan Ağa (Salamov) ilə söhbətləşdik.

Yenicag.az müsahibəni təqdim edir:

– Sosial media platformalarında istifadəçi məlumatlarının gizliliyi nə dərəcədə təmin edilir?

– İstifadəçi gizliliyi sosial media üçün həmişə problem olub. Əslində, gizlilik qayğısının aradan qalxması yolunda psixoloji hazırlıq elə sosial mediadan keçib. Bu gün hər kəs gizlilik probleminin qorunmasına diqqət etdiyini bildirmək istəyir, amma bu nə dərəcədə gerçəkdir? Sosial mediadan istifadənin verdiyi psixoloji rahatlığın qarşılığında gizlilik günümüzün onlayn insanı üçün nə qədər önəmli ola bilər? Bu suallar ətrafında düşünmək lazımdır. Qeydiyyatdan keçdiyimiz böyük sosial şəbəkələrin təhlükəsizlik nizamnamələrini neçə nəfər oxuyub? Bununla razılaşarkən bütün maddələrə baxılıbmı? Şəxsən mən baxmamışam. Çünki sosial mediadan istifadə bir məcburiyyət halına gəlib və onun vəd etdiklərinin qarşılığında gizliliyin itirilməsi böyük problem sayılmır. Devid Lyon və Ziqmunt Baumanın yazdığı kimi, əvvəllər mövcud olmuş ifşa qorxusu bu gün görünməmək-bilinməmək qorxusu ilə əvəzlənib. Öncələr insanlar bilinməkdən, tanınmaqdan, paylaşılmaqdan, ifşa olunmaqdan qorxurdular, bu gün isə qorxunun mənbəyi sosial mediada görünməyən insanlardırlar. Con Danın dediyi kimi – Heminqueyin “Əcəl zəngi”nin adı da buradan qaynaqlanır, orijinalı “Zənglər kimin üçün çalınır?”dır – bir ada deyil insan, bir bütün deyil, tək başına deyil, hamımız bir sahənin parçasıyıq. Əcəl zənginin harada, kimin üçün çalındığını bilmirik. Elə bir dövrdəyik ki, artıq heç nəyin öz sabit yeri yoxdur, zənglərin kimin üçün çalındığını dəqiq demək mümkün deyil, qorxu da, nəzarət də, güvən də mayeləşib, axar su kimi yerində durmur. Qorxu, güvən, nəzarət haradadır? Bu suala birmənalı cavab vermək olmur, onlar hər yerdədirlər.

– Sosial şəbəkələr artıq insanların təşkilatlandığı bir platforma halına gəlib, müəyyən mənada sosial-siyasi qərarların alınmasında da şəbəkə istifadəçilərin rəyləri nəzərə alınır. Hazırda sosial şəbəkələrin demokratik cəmiyyət quruluşuna təsiri nə dərəcədədir?

– Bu sual mənə çox doğma gəldi. Sosial medianın ictimai-siyasi təsirləri ilə bağlı araşdırmalar etmişəm, magistr dissertasiyamın bir başlığı da buna həsr olunmuşdu. “Bakı Universitetinin xəbərləri. Sosial-siyasi elmlər seriyası” jurnalının 2018-ci il 2-ci sayında keçmiş elmi rəhbərim, dosent Pərvanə İbrahimova ilə ortaq yayımlanmış “Sosial medianın toplum üzərində ictimai-siyasi təsirləri (Türkiyə həyatı əsasında)” başlıqlı məqalədə də bu məsələlərə geniş yer ayrılıb, daha ətraflı bir araşdırma-bilgi üçün oradan da oxumaq olar. Sosial medianın gerçək “sosiallığı” hansı mərhələdədir? Əvvəla, bu sualın cavabını araşdırmaq gərəkdir. Sosial medianın demokratik mühitə zəmin yaratdığına dair çox araşdırmalar aparılıb və tənqidi nəzəriyyələrə əsaslanaraq demək olar ki, kapital münasibətlərinin basqın olduğu, birinin digərindən üstün görülə bildiyi, insanların biri-biriləri ilə yox, müəyyənləşmiş qruplar şəklində komalanması və belarus araşdırmaçı Yevgeni Morozovun dediyi kimi, sadə insanlar qədər basqıcı-despotların da at oynatdığı bir məkan olaraq sosial media bir ictimai sfera deyil. O daha çox sferaların qarışığıdır, xaotik bir qarışıqlıq. İctimai sferada məhrəm və dövlət sferası olmamalıdır, görülməməlidir. Dövlətin sferası bələdiyyə binaları və s.-dirsə, məhrəm sfera evimizin içi, yataq otağımızdırsa, bunların hər birinin ağırlığı sosial mediada var, belə bir vəziyyətdə onun ictimai sfera olmağından danışa bilmərik.

– Sosial mediaya dövlət nəzarəti məsələsinə münasibətiniz necədir?

– Onsuz da var. Sadəcə formasını dəyişmiş şəkildədir. Dövlət hər yerdədir, onun nəzarəti də. Ona görə sosial medianın sosiallığından şübhəni qabardıram, buna tənqidi yanaşmanı yücəldirəm. Dövlət ictimai sferada güc göstərə bilməz, məhrəm sferaya heç girməz, lakin günümüzdə məhz “sosial” media vasitəsilə dövlət bunu çox rahat şəkildə edə bilir. “İctimai sfera nədir?” – sualına cavab verərkən, “Polisin vəsiqə soruşduğu yerdə ictimai sfera başlayır”, – cavabını verirlər. Yəni siz artıq öz məhrəm sahənizdə deyilsiniz və kimliyiniz təsdiqləmək üçün vəsiqə göstərməlisiniz. Lakin bu gün ictimai sfera artıq evin içindədir, sosial media vasitəsilə yataq otağına qədər girib, bu isə sferalararası şəffaflıqdan çox qarışıqlıqdır, nizamsızlıqdır. Dövlət nəzarəti bu gün mediada, eləcə də sosial mediada, hər yerdədir. Con Kinin göstərdiyi fərqli formalardadır: dövlətin reklamındadır, PR-ındadır, fövqəladə hala nəzarət adı altında yeritdiyi məhdudlaşdırmalardadır, kooperasiyalar üzərindən edilən basqıdadır (media holdinqlər buna nümunə ola bilər, dövlət yeddi quruma ayrı-ayrılıqda nəzarət etmək yerinə, bir media holdinqin rəhbəri üzərindən bunu həyata keçirir). Bu dediklərimiz isə xüsusi bir dövlətə aid deyil, müasir dönəm dünyanın dövlət anlayışına aiddir. Ona görə də görsək də, görməsək də, istəsək də, istəməsək də, bu, var.

– Son olaraq, sosial şəbəkələrin Azərbaycan seqmentinin mövcud durumunu necə dəyərləndirirsiniz?

– Azərbaycandan olan sosial media istifadəçiləri getdikcə daha aktivləşirlər, kommunikativ savadlılıqları artır, artıq nəyin dezinformasiya, nəyin doğru olduğunu araşdırmağa daha çox meyillidirlər. Hətta Azərbaycanda yeni sosial şəbəkə də qururlar. Amma nə olursa olsun, sosial mediada yetişən bir nəslin və ya sosial media kütləsinin güvəni yoxdur, təməlləri zəifdir, həqiqətə yox, inanılması mümkün olana, zövqlü olana meyil var. Bu gün Qərbin də tez-tez işlətdiyi – ki bu, həqiqətən də, narahatlıq doğurur – “post-truth” (həqiqət sonrası) hər yeri əlinə alıb, amma ilk olaraq sosial medianı zəbt edib. “Həqiqət sonrası” da həqiqətin itməsi deyil, onun şəffaflaşması, mayeləşməsi, formasını mənfi mənada dəyişməsidir. Buna görə də Azərbaycandan olan sosial media istifadəçilərinin günümüzün tələblərindən geri qalmamaları, aktiv olmaları ilə yanaşı, həqiqətə xidmət edən meyillərini daim ayaqda tutmalarını da arzulayıram.

Söhbətləşdi: Aqil Bəkir