Sosial şəbəkələrdə "15 yaş" qadağası: "Yalnız qanun kifayət deyil, dövlət və ailə birgə hərəkət etməlidir"
“Uşaqlara nəzarət mexanizmləri həm ailə, həm cəmiyyət, həm də dövlət orqanları tərəfindən paralel şəkildə həyata keçirilməlidir.”
Bu sözləri Yenicag.az-a açıqlamasında sosioloq, araşdırmaçı ekspert Məhbubə Mehdiyeva bildirib.

Azərbaycanda sosial şəbəkə asılılığının və onun uşaqlar arasında yaratdığı zərərli vərdişlərin qarşısını almaq üçün Türkiyədə olduğu kimi 15 yaşdan aşağı şəxslərin sosial şəbəkələrə girişinə məhdudiyyət tətbiq edilməsinə nə dərəcədə ehtiyac olduğunu ekspert ətraflı izah edib:
“Son illərdə sosial şəbəkələr insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Xüsusilə uşaqlar və yeniyetmələr arasında bu platformalardan uzun müddət istifadə halları artıb. Nəticədə bir çox hallarda sosial şəbəkələrə bağlılıq yaranır, bu isə həm psixoloji, həm də sosial problemlərə səbəb olur. Uşaqlarda dərsə marağın azalması, diqqət dağınıqlığı, yuxu rejiminin pozulması, aqressiv davranışlar və real ünsiyyətdən uzaqlaşma kimi hallar müşahidə edilir. Böyüklərdə isə vaxt itkisi, ailədaxili münasibətlərin zəifləməsi, stress, narahatlıq və informasiya asılılığı kimi problemlər meydana çıxır.
Sosial şəbəkələrdən həddindən artıq istifadə insan beynində asılılıq mexanizmlərini gücləndirir. Davamlı olaraq bildirişlərə baxmaq, bəyənmə və rəylər gözləmək insanlarda psixoloji bağlılıq yaradır. Bu vəziyyət xüsusilə formalaşma dövründə olan uşaqlar üçün daha təhlükəlidir. Çünki onlar virtual mühitin təsirinə daha tez məruz qalır və davranışlarını buna uyğun formalaşdırırlar”.
Sosioloq azyaşlıların sosial şəbəkələrə girişini məhdudlaşdıran qanun layihələrinin bir çox ölkədə həyata keçirildiyini diqqətə çatdırıb:
“Dünya ölkələrinin təcrübəsi göstərir ki, bir çox dövlətlər bu problemin qarşısını almaq üçün müxtəlif addımlar atır. Türkiyədə 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyət tətbiqi müzakirə edilir və bu istiqamətdə qanunvericilik təşəbbüsləri irəli sürülür. Fransada müəyyən yaş həddinə qədər valideyn icazəsi olmadan sosial platformalarda hesab açılması məhdudlaşdırılıb. Çin isə uşaqların internet və oyun platformalarında keçirdiyi vaxtı məhdudlaşdıran qaydalar tətbiq edib. ABŞ və Avropa ölkələrində də uşaqların rəqəmsal təhlükəsizliyi, şəxsi məlumatlarının qorunması və yaş məhdudiyyəti ilə bağlı yeni qanun layihələri hazırlanır.
Bununla yanaşı, bir çox ölkələrdə yaş məhdudiyyətlərinin tətbiqində çətinliklər də mövcuddur. Təcrübə göstərir ki, bəzi azyaşlılar qeydiyyat zamanı yaşlarını süni şəkildə artıraraq daha böyük yaşda olduqlarını göstərirlər. Bəzən isə valideynlərin, böyük bacı-qardaşların və ya digər şəxslərin hesablarından istifadə etməklə məhdudiyyətləri keçmək halları müşahidə olunur. Bu isə təkcə texniki qadağaların kifayət etmədiyini, eyni zamanda nəzarət və maarifləndirmənin vacibliyini göstərir. Avropa ölkələrində bu sahədə daha çox nəzarət, maarifləndirmə və hüquqi mexanizmlərə üstünlük verilir. Almaniyada məktəblərdə rəqəmsal savadlılıq dərsləri keçirilir, uşaqlara internetdən təhlükəsiz istifadə qaydaları öyrədilir. Fransada yaş məhdudiyyəti və valideyn razılığı sistemi tətbiq olunur. Böyük Britaniyada uşaqların onlayn təhlükəsizliyini təmin etmək üçün platformalara ciddi öhdəliklər qoyulur. Skandinaviya ölkələrində isə ailə nəzarəti, ekran vaxtının planlaşdırılması və psixoloji dəstək proqramları geniş yayılıb”.
M. Mehdiyeva valideynlərə övladlarına nəzarəti gücləndirməyi tövsiyə edib:
“Praktiki həll yolları sırasında ailədaxili qaydaların müəyyən edilməsi xüsusi əhəmiyyət daşıyır. Uşaqlar üçün gündəlik ekran vaxtı məhdudlaşdırılmalı, gecə saatlarında telefon istifadəsinə nəzarət olunmalı, dərs və istirahət vaxtı balanslı şəkildə qurulmalıdır. Sosial şəbəkələrdə yaş təsdiqi mexanizmlərinin gücləndirilməsi, valideyn nəzarəti alətlərinin genişləndirilməsi və şübhəli hesab istifadəsinə nəzarət də vacibdir. Valideynlər övladları ilə açıq ünsiyyət qurmalı, onların izlədiyi məzmunla maraqlanmalı və nümunəvi davranış göstərməlidirlər. Məktəblərdə psixoloq xidmətinin gücləndirilməsi, rəqəmsal təhlükəsizlik mövzusunda seminarların keçirilməsi də faydalı addımlardır.
Azərbaycanda da uşaqların hüquqlarının qorunması istiqamətində müxtəlif dəstək mexanizmləri və qaynar xətlər mövcuddur. Uşaq hüquqlarının pozulması, zorakılıq, laqeyd münasibət və təhlükə halları ilə bağlı aidiyyəti dövlət qurumlarına, Daxili İşlər Nazirliyinin xidmətlərinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə aidiyyəti qurumlara, həmçinin sosial xidmət mərkəzlərinə müraciət etmək mümkündür. Bu cür mexanizmlər uşaqların təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır”.
Sonda ekspert sosial şəbəkələrdə yaş senzurasının tətbiqi prosesinə toxunub:
“Bütün bunlarla yanaşı, ölkədə sosial şəbəkələrdən istifadə ilə bağlı yaş məhdudiyyətlərinin tətbiqi zəruri hesab edilərsə, bu, müəyyən hüquqi çərçivədə mümkündür. Lakin belə bir addımın effektiv olması üçün yalnız qanun qəbul edilməsi kifayət etmir. Bu sahədə nəzarət mexanizmləri həm ailə, həm cəmiyyət, həm də dövlət orqanları tərəfindən paralel şəkildə həyata keçirilməlidir. Valideyn nəzarəti, məktəb mühiti, ictimai qınaq və maarifləndirmə tədbirləri bu prosesin ayrılmaz hissəsi olmalıdır. Eyni zamanda, ictimai iştirakçılığın təmin olunması xüsusi əhəmiyyət daşıyır. Vətəndaş cəmiyyəti institutları, müəllimlər, psixoloqlar, media nümayəndələri və valideynlər bu məsələdə fəal rol oynamalı, qərarların qəbulunda və icrasında iştirak etməlidirlər. Yalnız bu halda sosial şəbəkə asılılığının qarşısını almaq və uşaqların sağlam inkişafını təmin etmək mümkün ola bilər”.
Nurlan Cəfəri













