Bu gün haqqında bir sıra informasiya portallarında xəbər yayılan “Darül Bir” Xeyriyyə Cəmiyyətindən açıqlama gəlib. Cəmiyyətin Azərbaycan Nümayəndəliyi həbs və dini təriqətlərlə əlaqəsi iddiasını rədd edib:
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən
“Darül Bir” Xeyriyyə Cəmiyyətinin
Azərbaycan Şöbəsinin
BƏYANATI
Bu gün bizimlə bağlı yazılan xəbər həqiqətə uyğun deyil. Belə ki, Azərbaycanda 20 ildən artıq fəaliyyət göstərən təşkilatımız ölkəmizin qanunvericiliyinə uyğun fəaliyyət göstərir. Bizim fəaliyyətimiz daim şəffaf olmuşdur və bu müvafiq dövlət qurumları tərəfindən yüksək qiymətləndirilmişdir.
Azərbaycanımızın ən ağır günlərində – 1994-cü ildə dövlət qeydiyyatına alınan təşkilatımız erməni təcavüzü nəticəsində ölkəmizdə olan bir milyondan çox qaçqın və məcburi köçkünlərlə bağlı fəaliyyətlərdə aktiv iştirak etmişdir. “Darul-Bir” Xeyriyyə Cəmiyyəti bu vaxtaqədər heç bir dini-milli-siyasi fəaliyyətlə məşğul olmamışdır.
Humanitar təşkilat olduğumuz üçün vergidən azad olan “Darul-Bir” Xeyriyyə Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin fəaliyyəti hazırda Vergilər Nazirliyi tərəfindən yoxlanılmaqdadır. Hər hansı bir üzvümüzün həbs olunması və ya saxlanılması xəbəri doğru deyil. Biz Azərbaycanın bütün dövlət qurumları kimi vergi orqanları ilə də əməkdaşlıq edir və fəaliyyətimizi Azərbaycan qanunvericiliyinə uyğun aparırıq.
Qeyd edək ki, “Darul-Bir” Xeyriyyə Cəmiyyəti 1979-cu ildə, Birləşmiş Ərəb Əmirlikləri dövlətində Əmək və Sosial Məsələlər Nazirliyinin 23/79 saylı sərəncamı ilə təsis edilmişdir. “Darul-Bir” adı ilə qeydiyyatdan keçən cəmiyyət xeyriyyəçilik fəaliyyəti həyata keçirir. Birləşmiş Ərəb Əmirlikləri dövlətinin vitse prezidenti, eyni zamanda Baş nazir və Dubay şəhərinin meri olan Şeyx Muhəmməd ibn Raşid Al Məktum tərəfindən təsdiq edilmiş idarə heyəti sözügedən cəmiyyətə rəhbərlik edir.
Darul-Bir Xeyriyyə Cəmiyyətinin Azərbaycan Nümayəndəliyi Bakıda fəaliyyətə başladığı gündən etibarən Azərbaycan hökuməti, xüsusən Azərbaycan Respublikası Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası ilə əlaqələndirilib, dəyərli Azərbaycan xalqının xidmətində durmuş və öz köməyini heç zaman əsirgəməmişdir. Müxtəlif humanitar və bu sahədəki inkişaf layihələrinin müəllifi olan “Darul-Bir” Xeyriyyə Cəmiyyətinin Azərbaycan Respublikasındakı əsas fəaliyyəti ata qayğısından məhrum olmuş uşaqlarla bağlıdır. Valideyn himayəsinə son dərəcə ehtiyacı olan, lakin bundan sonrakı həyatlarını atasız yaşamağa məhkum olmuş körpələrə bu acını mümkün qədər unutdurmaq, maddi dəstək olmaqla onların məişət problemlərini qismən də olsa həll etmək Cəmiyyətin ali məqsədidir. Cəmiyyət yetim uşaqların himayəyə götürülməsi layihəsi çərçivəsində sayı getdikcə artmaqda olan bu uşaqları müəyyən məbləğdə aylıq maddi yardımla təmin edir. 2007-ci ildən etibarən “Darul-Bir” Xeyriyyə Cəmiyyəti aztəminatlı ailələrin himayəyə götürülməsi layihəsi çərçivəsində Azərbaycan Respublikasının aztəminatlı ailələrinə də yardım göstərir. Sözügedən layihədən hal hazırda Respublikanın müxtəlif bölgələrinə mənsub, əksəriyyəti qaçqın və məcburi köçkün olmaqla onlarla aztəminatlı azərbaycanlı ailəsi yararlanır.
www.yenicag.az