SSRİ-ni dağıdıb İrana kəllə ATANLAR – Səxavət Məmməd yazır

media-hightechnic-468x90

Azərbaycanda bəzən elə adamlar elə sözlər danışır və özlərini elə əhəmiyyətli adam hesab edir ki, söz tapmırsan. Ağlım kəsəndən “Rusiya dağılacaq” sözünü eşidirəm. Nəinki dağılır, hətta göz görə-görə Ukraynanı dağıdır. Bəziləri çıxıb deyir ki, həyatımı Rusiya ilə mübarizəyə həsr etmişəm. Normalda adam sual verməz, ancaq bu o qədər iddialı sözdür ki, sual verməmək olmur. Nə etmisən? Cavabı da təxminən belə olur: “dilim döndükcə, Rusiyanı tənqid edirəm”. Yəni sözlə. Cavaba güləndə də deyir ki, hüd-hüd quşu misalı. Ayə, o quş dimdiyində tonqalı söndürmək üçün su aparıb, sən nə etmisən əməl olaraq? Sənin danışığına Rusiyanı boş ver, heç öz ölkəndə ciddiyə alan yoxdur.

Baxırsan, partiya sədridir. Deyir, SSRİ-ni dağıtmışıq. Sual verirsən ki, soruşmaq ayıb olmasın, sən SSRİ qurmuşdun ki, SSRİ-ni də dağıtmısan? Bəziləri hələ də elə bilir ki, mitinqə çıxıb bağırmaqla haranısa dağıtmaq olar. Yaxın tarixdə bir hadisəyə diqqət çəkim: “Əsgər ölümlərinə son” aksiyaları keçirilirdi. Hamısında iştirak etmişəm. Hələ də çoxları elə bilir ki, Səfər Əbiyev o aksiyalara görə vəzifəsindən azad edilib. Səfər Əbiyev vəzifəsindən necə azad olunmasını araşdırıb, dəqiqləşdirəndən sonra proseslərə baxışım da dəyişib.

Rusiyanı qoyaq bir kənara, özümüzə umac ova bilmirik, cənubdakı soydaşlarımıza əriştə kəsməklə məşğuluq. Biri İranı dağıdıb Cənubi Azərbaycan qurur, biri Cənubi Azərbaycanı şimala birləşdirir. Biri də çıxıb onlardan soruşmur ki, siz nə istəyirsiniz? Şüara bax, a kişi, “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun”. İstəyir, adına “Təbriz mafiyası” de, istəyir, “Təbriz klanı” – səni bir oturumda yeyər, özündən də xəbərin olmaz. Cənubdakı azərbaycanlılar pis-yaxşı min illərdir bir yerdə, bir sistem altında yaşayır. Biz gah çarın, çar gedib SSRİ-nin, SSRİ də gedib müstəqil olandan sonra hər cür yad zir-zibilin içərisində yaşamışıq. Maraqlı xüsusiyyətimiz var, hara giririksə, kanalizasiya deşiyindən giririk, ona görə də zir-zibil içərisində boğuluruq. Bir yandan, Qərbin özündə dəyər sayılmayan “dəyərlər”i yediriblər, bir yandan da Türkiyənin serial həyatını. Təhsilin yox, ailə dəyərlərin aşılanıb, eyforiyadan depressiyaya düşmüsən, çıxış yolun bilmirsən, partiyaların yox, məzhəbin bəlli deyil, ancaq sağa-sola ağıl öyrət. Partiyalar yox niyə deyirəm? Ölkədə müəyyən sayda partiyalar var. İqtidar partiyası ilə müxalif partiyaların hamısının ideologiyası birdir – sağ mərkəzçilik. Görünüb ki, sağla solun mübarizəsi gedər, bizdə sağ mərkəzçilərin davası gedir. Hakim partiyaya baxırsan, bir də vəzifələrə təyinatlara, görürsən, böyük marketlər şəbəkələri daha çox kadr yetişdirir, dövlət partiyalardan çox şirkətlərdən kadrlar yığır. Məzhəbə gələk: Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Ramazan bayramını hava limanında keçirir. Bayram namazının videosu da başqa yerdən gəlir. Nə isə…

Görünüb ki, politoloq, siyasi şərhçi, icmalçı təhlil edər, analiz verər. Bizimkilər asıb-kəsməklə məşğuldur. Biri Rusiyaya barmaq silkələyir, biri İrana kəllə atır. Bu yaxınlarda bir dostumuz deyir, ona kitab təqdim ediblər. Kitabın adı təxminən belə olub “Qlobal siyasətdə Azərbaycanın rolu, nə bilim nə”. Deyir, təqdim edən şəxsə dedim ki, ay qardaş, qlobusda Azərbaycan rəqəmlə göstərilir, nə siyasət, nə rol? Cavabında təbii ki, gözün döyüb. Balaca dövlətik, manevrlərlə, oyunlarla başımızı saxlayırıq. Manevrlə, lazım olan dövlətlərlə münasibətləri sıxlaşdıraraq, fürsətlərdən yararlanaraq ərazi bütövlüyünü təmin etmisən. Başqa nə olsun?!

Fürsət demişkən, İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri baş tutdu. Kifayət qədər pozitiv bir səfər oldu. Azərbaycan Pezeşkianın prezidentliyindən maksimum istifadə etməli, yararlanmalıdır.

Bəzən deyirlər ki, cənubdakılar bizə birləşməlidir. Birini özünə birləşdirmək üçün ən azı cəlbedici olmalısan. Soruşmaq ayıb olmasın, sən nə qədər cəlbedicisən, cazibədarsan? Yenə göz döydürəcək sual.

Bəzən deyirlər, ideologiya dönəmi bitib. Baxırsan, bunu deyən şəxslərin beyət etdiyi dövlətlərin hamısının bir ideologiyası var. İdeologiya deyəndə də özünə, hazırkı durumuna adekvat olmalıdır. Qarabağ Azərbaycan xalqı üçün adekvat ideologiya idi, bitirdi. İndi tapılacaq, işlənəcək ideologiya da adekvat olmalıdır. Misal üçün İranı, Rusiyanı dağıtmaq üzərində baş sındırmaqdansa, lap baş sındırsan da onu dağıdacaq güc sən olmayacaqsan, ondansa. Ermənistanı, Gürcüstanı öz içində əritmək üzərində baş sındır. Onsuzda Cənubi Qafqaza vahid bir region kimi baxırlar, niyə də vahid olmasın?!

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600