“Subay” keşişlər, pozulmuş andlar – Paşinyan müqəddəsləri ifşa etməyə HAZIRLAŞIR
“Paşinyan-kilsə mübarizəsinin qalibi hakimiyyəti və parlamenti qazanacaq tərəf olacaq”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri qeyd edib.
Analitik Paşinyanın 50 din xadiminin yoxlanılması və nəzarətdə saxlanılması barədə tapşırıq verməsinin pərdəarxasını şərh edib.
Onun sözlərinə görə, Ermənistanda kilsə hansısa klana xidmət etmir, onların missiyası daha böyükdür:
“Bütün zamanlarda kilsə Ermənistanda siyasi hakimiyyət üzərində həlledici səsə malik olub. Eyni zamanda, kilsə xaricdəki ermənilərin Ermənistana yardım etməsini, erməni diasporunun fəaliyyəti və Ermənistana dəstək məsələsini stimullaşdıran, təmin edən kilsə olub. Ona görə də kilsənin Ermənistanda siyasi təsir imkanları həmişə yüksək olub. Nəhayət, keşiş Baqratın başlatdığı 2 etiraz prosesinin də arxasında dayanan kilsə idi. Baxmayaraq ki, müxtəlif müxalif qüvvələr, “Qarabağ klanı”, revanşist qüvvələr də prosesdə iştirak etdilər, amma əsas hərəkətverici kilsə və onun rəhbərliyi I Aram tərəfindən həyata keçirilirdi. Ona görə ki, keşiş Baqrat o nüfuza malik deyildi ki, müstəqil qaydada Ermənistanda böyük etiraz prosesi başlatsın”.
N. Mirinin fikrincə, burada da məqsəd sadəcə Paşinyan hökumətini devirmək deyildi, əksinə, Baqratın əli ilə başladılan bu proses tədricən kilsənin siyasi hakimiyyəti ələ keçirmək idi:
“Bunu Paşinyan yaxşı bilir və bu məqsəd həyata keçmədi. Ona görə də Paşinyan 2026-cı il parlament seçkiləri öncəsi hərəkətə keçib kilsənin fəaliyyətini qanun çərçivəsinə salmaq istəyir. Yeni konstitusiya qəbul edildiyi halda orada kilsənin fəaliyyəti ilə bağlı müddəa olacaq. Eyni zamanda, elə bir vəziyyət yaradılacaq ki, kilsənin hakimiyyət üzərində nüfuz və təsir imkanları sıfıra endiriləcək, əksinə, kilsə rəhbərliyinin seçilməsi hökumət vasitəsilə olacaq. Qısacası, idarə olunan kilsə vəziyyətinə gətiriləcək. O baxımdan kilsəyə qarşı mübarizəsi bundan ibarətdir”.
Politoloq qeyd edib ki, Paşinyana qarşı mübarizənin arxasında Rusiya dayanır:
“Bu prosesin içində yer alan bütün müxalif qüvvələrin arxasında çox ciddi Rusiya amili dayanır. Çünki müxalifətin böyük əksəriyyəti Rusiyanın casus şəbəkəsinin üzvləri, “beşinci kolon” olaraq Rusiyaya xidmət edirlər. Bunu kilsə haqqında da demək olar. Kilsə hər zaman Rusiya tərəfindən idarə olunan amildir. Ona görə də Rusiya amili burda istisna deyil”.
Bu mübarizənin qalibi hakimiyyət və parlamenti qazanacağını bildirən N. Miri kilsənin əsl simasını ifşa edib:
“Ona görə də düşünürəm ki, bu mübarizədən kim qalib çıxsa, növbəti hakimiyyət və parlament seçkilərində də qalib o olacaq. Çox ciddi şəkildə bundan sonra “kilsə müqəddəsləri”nin dırnaqarası ifşası proseslərini müşahidə edəcəyik. Bunun üçün də çox ciddi zəmin və boşluqlar var. Çünki, “kilsə müqəddəsləri”nin, özünə müqəddəs adlar qoyanların bir subaylıq andı var ki, onlar uzun müddətdir cəmiyyət tərəfindən unudulub. Paşinyan bu zəif damardan tutub hərəkət edir. Onun əlində məlumatlar var ki, I Aram və II Qaregin olmaqla əksər kilsə rəhbərliyi bu subaylıq andını çoxdan pozub. Özünü guya tanrıya həsr etmiş bu insanlar öz andını kobud şəkildə pozursa o insanlar cəmiyyətə, xalqa nümunə ola bilməzlər”.
Nurlan Cəfəri