Sülh üçün SON MƏRHƏLƏ: Saziş hazırdır, top isə Ermənistanın MEYDANÇASINDADIR
“2025-ci ildə qarşılıqlı ticarət dövriyyəsinin xeyli artması bunun bariz göstəricisidir”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib.
O, ABŞ və Azərbaycan arasında yüksələn xətlə inkişaf edən əməkdaşlıq münasibətlərinin Ermənistanda narahatlıq yaratması məsələsini şərh edib.
Politoloq bildirib ki, ABŞ-nin yeni administrasiyasının Ermənistanla bağlı mövqeyi Ermənistanın baş naziri Nikol Paşinyanı ciddi şəkildə narahat edir:
“O anlayır ki, Bayden administrasiyası zamanı imzalanmış strateji tərəfdaşlıq sənədi Ermənistana ciddi xeyir vermədi. Əksinə, bu sənəd Tramp administrasiyasında Ermənistana qarşı mənfi münasibətin formalaşmasına səbəb oldu. Yeni administrasiyanın isə Azərbaycana daha çox önəm verməsi və əməkdaşlıq yollarını genişləndirməsi, təbii ki, Ermənistanın narahatlığına səbəb olub. Lakin edəcəkləri bir şey də yoxdur. Azərbaycan Cənubi Qafqazın lider dövlətidir, bölgədə mühüm əhəmiyyətə malik olan ölkədir. ABŞ-nin bizimlə əməkdaşlıq etmək istəyi təbii və başadüşüləndir. 2025-ci ildə qarşılıqlı ticarət dövriyyəsinin xeyli artması bunun bariz göstəricisidir”.
“ABŞ-nin sülh sazişinin imzalanması üçün Ermənistan üzərində təzyiq göstərməsi mümkündürmü? Təbii ki, həm mümkündür, həm də zəruridir. Çünki hazırkı Tramp, sülhsevər və sülh gətirən lider kimi tarixə düşmək və Nobel Sülh Mükafatını almaq istəyir. Bunun üçün ilk və ən vacib addım Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ola bilər”, – deyə o, əlavə edib.
Mütəxəssisin fikrincə, saziş artıq hazırdır, sadəcə olaraq Ermənistanın Konstitusiyasına dəyişikliklər edilməlidir:
“Bundan sonra ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı təşkilatın Nazirlər Şurasına müraciət ünvanlanmalıdır. Bu müraciət saziş imzalandıqdan sonra da həyata keçirilə bilər. Nəticədə Cənubi Qafqazda sülh təmin olunar, əməkdaşlıq və normal qonşuluq mühiti yaranar, dövlətlərarası qarşılıqlı münasibətlər daha da inkişaf edər. Ümid edirik ki, yeni administrasiya yaxın zamanda bu istiqamətdə konkret addımlar atacaq və Ermənistan sülh sazişinin imzalanmasına mane olan məsələləri aradan qaldırmağa çalışacaq”.
Nəsimi Ələsgərli