“ Ermənistan cəmiyyəti Paşinyanın odla oynadığını anlamalı, baş verəcək hadisələrin məsuliyyətinin Paşinyan və komandasının üzərində olduğunu dərk etməlidir”.
Bu fikirləri Ermənistanın Baş naziri ikol Paşinyanın Azərbaycanı danışıqlar prosesini pozmaqda ittiham etməsinə münasibət bildirən politoloq Anar Əliyev Yenicag.az-a açıqlamasında deyib.
O, bildirib ki, Ermənistan istəməsə belə şərtlərimizə tabe olacaq:
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistanın qoyduğumuz bütün tələbləri yerinə yetirməyə məcbur olduğunu dəfələrlə vurğulayıb. Sülhəməcburetmə addımları ilə Azərbaycan Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək məcburiyyəti qarşısında qoyacaq.
Maraqlısı odur ki, Ermənistan beynəlxalq müzakirələrdə danışıqlar prosesinin pozulmasında Azərbaycanı təqsirkar göstərir. Lakin iddiaları ilə bağlı heç bir fakt ortaya qoya bilmir.
Dəmiryol çəkilməsinə “maneə törədən Azərbaycan” Ağbəndə qədər layihəni hazırlayıb. Bəs faktsız iddialar irəli sürən Ermənistan? Heç layihənin gerçəkləşdirilməsi ilə bağlı iqtisadi dəyərləndirmə belə etməyib. Ermənistan Baş naziri Türkiyədə keçiriləcək prezident seçkiləri və Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatların nəticəsini gözləyir. Bunu yalnız Azərbaycan yox, bütün dünya ictimaiyyəti görür.
Regionda sülh istəyən qüvvələr müsbət yöndə addım atmalıdır. Ermənistan cəmiyyəti Paşinyanın odla oynadığını anlamalı, baş verəcək hadisələrin məsuliyyətinin Paşinyan və komandasının üzərində olduğunu dərk etməlidir”.
Nəsimi Ələsgərli
www.yenicag.az