“Qarabağda erməni separatçılarının möhkəmlənməsinə, mühəndis-istehkam işləri görməsinə, minalar basdırmasına yol vermək olmaz”.
Bu sözləri Azərbaycan-Ermənistan dövlət sərhədində atəşkəsin intensiv pozulması, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qanunsuz erməni silahlı dəstələrinin mühəndis-istehkam işləri görməsi və son vaxtlar artan müharibə ritorikasını dəyərləndirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.
Rövşən Məhərrəmov bildirib ki, sülhməramlıların ərazidə qalma vaxtı azaldıqca gərginlik artacaq:
“Ermənistan son vaxtlar gərginliyi bilərəkdən artırır. Soçi görüşündə Azərbaycan Prezidentinin sərt formada açıqlama verməsi, Ermənistanın yeni, ancaq qəbuledilməz şərtlər, təkliflər irəli sürməsi onu deməyə əsas verir ki, qarşı tərəf sülh istəmir. Azərbaycan Prezidenti açıq şəkildə bildirdi ki, Qarabağda yaşayan ermənilərlə danışıqlar aparmağa hazırdır, ancaq Ruben Vardanyan, Araik Arutunyanla yox.
Ruslar çalışırlar ki, gərginliyi hər keçən gün daha da artırsınlar. Ukraynada rus ordusunun uğursuzluğu göz qabağındadır. Bu bölgədə gərginliyi artırmaqda məqsəd həm Azərbaycanın müstəqil siyasət yürütməsinin qarşısını almaq, həm də bölgədə varlıqlarını davam etdirməkdir. Ruben Vardanyanın ora gəlməsi təsadüfi deyildi. O, Qarabağa ocağı yenidən alovlandırmağa göndərilib.
Bir neçə gün öncə də keçmiş Dağlıq Qarabağ ərazisində atəşkəs pozulmuşdu. Dünən isə Xocalı və Ağdam istiqamətində erməni tərəfi mühəndis-istehkam işləri görməyə başlamışdı. Azərbaycan ordusu xəbərdarlıq etdikdən və lazımı tədbirlər gördükdən sonra qanunsuz silahlı dəstələrin fəaliyyəti dayandırıldı. Məsələ ondadır ki, ruslar erməni tərəfinin bu addımlarına göz yumur.
Azərbaycan tərəfinin atdığı addımlar doğrudur. Ora Azərbaycan ərazisidir. Orada hansısa separatçıların möhkəmlənməsinə yol vermək olmaz.
Sülhməramlıların ərazidə qalma müddəti azalır. Azərbaycan Prezidenti də onların müvəqqəti olması barədə sözünü deyib. Bu müddət başa çatana yaxın gərginlik daha da artacaq və atəşkəsin pozulma halları artacaq. Azərbaycan ordusu hər şeyə hazır olmalıdır”.
Səxavət Məmməd
www.yenicag.az