Süni intellekt gələcəyin təhlükəsinə çevrilir – Ekspertdən HƏYƏCAN TƏBİLİ
Dünya şöhrətli alim və maşın öyrənməsi üzrə tədqiqatçı Ouein Evans (Owain Evans) süni intellektin (Aİ) gələcəyi ilə bağlı maraqlı, eyni zamanda xəbərdarlıq dolu fikirlər səsləndirib.
Yenicag.az xəbər verir ki, xarici mediaya verdiyi müsahibədə Evans süni intellektin insan həyatına təsiri, gələcəkdə yarada biləcəyi təhlükələr və texnologiyanın inkişaf sürəti barədə danışıb.
O bildirib ki, hazırkı süni intellekt sistemləri “təhlükəsiz və faydalı alətlər” kimi fəaliyyət göstərir və bu mərhələdə insanlıq üçün bir təhdid təşkil etmir. Məşhur alim İlon Maskın süni intellektin “bəşəriyyətin sağ qalması üçün ən böyük təhlükə” ola biləcəyi barədə fikirlərinə münasibət bildirərək qeyd edib ki, mövcud sistemlər təhlükəsizdir:
“Onlar alət kimi işləyir və hazırda həm faydalı, həm də əyləncəli bir texnologiyadır”.
Lakin Evans xəbərdarlıq edib ki, süni intellekti “daha çox avtonom” hala gətirməyə çalışan şirkətlərin fəaliyyəti gələcəkdə ciddi risklər yarada bilər.
Onun sözlərinə görə, belə sistemlər ya insanlar tərəfindən sui-istifadə edilə, ya da özbaşına zərərli qərarlar qəbul edə bilər.
“Əgər biz insanların bütün bacarıqlarına malik və bütün vəzifələri yerinə yetirə bilən sistemlərdən danışırıqsa — o cümlədən müharibə, cinayət və terrorizm kimi sahələrdə — bu, artıq əhəmiyyətli risklər deməkdir,” – deyə o bildirib.
Evans əlavə edib ki, süni intellektin inkişaf tempi son on ildə misilsiz dərəcədə artıb və bu sürət davam edərsə, gələcəkdə təhlükələrin qarşısını almaq üçün ciddi nəzarət və idarəetmə mexanizmləri yaradılmalıdır.
Nəsimi Ələsgərli












